"Naxçıvan Dəmir Yolları” MMC-dəki yoxlamalar qurumun rəhbəri Mahir Əliyevin işdən çıxarılması və hətta həbsi ilə nəticələnə bilər. Qaynarinfo xəbər verir ki, MMC-də yoxlamalar yanvar ayından başlayıb və hətta qurumun bir iççisi həbs edilib. Söhbət depo rəisi vəzifəsindən işləmiş Ramin Mirzəyevin həbsindən gedir. Həmin vaxt Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, "Naxçıvan Dəmir Yolları” MMC-də bir vəzifəli şəxs tərəfindən dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb. Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı, depo rəisi vəzifəsində işləmiş Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.