Azərbaycanın sabiq xarici işlər naziri, hazırda Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfir olan Vilayət Quliyev Ümumimilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. V.Quliyevin sözlərinə görə, Heydər Əliyevin məmurları tənqid etməsi bəzən televiziya ekranlarında yayımlanıb, bəziləri isə pərdə arxasında cərəyan edib: “Belə epizodlardan biri haqda yazmaq istəyirəm. Özümdən başlayım ki, heç kim inciməsin. Keçmiş mədəniyyət naziri, diplomat həmkarım Polad Bülbüloğlu həm də türk ölkələrinin beynəlxalq mədəniyyət qurumunun - Türksoyun rəhbəri idi. Ara-sıra təşkilatın xətti ilə müxtəlif xarici səfərlərə çıxmaq zərurəti yaranırdı. Polad müəllim Türksoydakı fəaliyyətin də xarici siyasətimizin tərkib hissəsi olduğunu əsas gətirib bir neçə dəfə nəzərdə tutulan səfərlə bağlı Prezidenti məlumatlandırmağı məndən xahiş etmişdi. İki, ya üç dəfə digər məsələlərlə yanaşı bu barədə də məruzə eləmişdim və hər dəfə də Heydər Əliyev “Yaxşı, getsin!” demişdi. Amma sonuncu dəfə eyni xahişlə müraciət edəndə səs tonunun dəyişdiyi də diqqətimdən yayınmamışdı. Başa düşmüşdüm ki, əslində özümə aid olmayan məsələlərə qarışır, Prezidentin iş üslubu və idarəçilik mexanizmi ilə uyğun gəlməyən hərəkət edirəm. Söz vermişdim ki, bu hal bir də təkrarlanmayacaq. Amma bir dəfə yenə Polad müəllim zəng vurdu. Türksoyla YUNESKO arasında əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı vacib görüşlər nəzərdə tutulduğunu bildirib mütləq Parisə getməli olduğunu dedi (əslində birlikdə getməli idik). Bu barədə Prezidentə məlumat çatdırmağımı xahiş etdi. Məsələnin çox təcili, gündəliyin ölkəmizin mövqeyi baxımından həssaslığını xatırlatdı. Gündəlikdən xəbərdar olduğumdan sözündən çıxa bilmədim.
Həmin gün Prezidentə telefon açanda başqa məsələlərlə birlikdə Polad Bülbüloğlunun Paris səfəri ilə bağlı xahişini də çatdırdım. Heydər Əliyev dərhal cavab vermədi. Düşündüm ki, yəqin hansı qərarı qəbul etmək haqda fikirləşir.
Az qala məsələnin vacibliyi haqqında danışmaq istəyirdim ki, birdən selektorda İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin səsini eşitdim:
– Bəli, cənab Prezident!