Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri də milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət strategiyasının qurulması idi.
Pravda.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov şənbə günü "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçiridin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, Ümummilli lider xarici siyasətin başlıca istiqamətini və vəzifələrini, region və dünya dövlətləri ilə əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirib.
“Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi təmin olundu. Həmin dövrdə ölkəmizin qarşısında duran ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və onun ağır nəticələri idi. Ümummilli lider Heydər Əliyev keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi. Bu istiqamətdə atılmış mühüm addımlardan biri atəşkəsin əldə edilməsi oldu", - deyə nazir bildirib.
C.Bayramov qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi.