Anası musiqiçidir, o da uşaq vaxtından bu sahəyə yönəlir. Zamanla qarşısında fərqli yollar açılır, bunları dəyərləndirir. Hazırda dünyada “Böyük dördlüy”ə daxil olan audit şirkətlərindən birində çalışır. Bir neçə günlük Azərbaycana gəlmişdi, görüşüb söhbətləşdik. Özü də təhsil aldığı T.Quliyev adına 12 Saylı 11 İllik Musiqi Məktəbində. Söhbət Bostonda ABŞ-nin “Deloitte” şirkətində baş audit köməkçisi olaraq çalışan azərbaycanlı gənc Fidan Əliyevadan gedir. F.Əliyeva ADA Universitetində dövlət və ictimai münasibətlər üzrə bakalavr, ABŞ-ın Northeastern Dövlət Universitetində mühasibatlıq üzrə magistr təhsili alıb.
“Kaspi” qəzetinin Fidan Əliyeva ilə müsahibəsini təqdim edirik.
- Uşaq vaxtından kamança ifa etmisiniz, musiqiyə həvəsiniz olub. Karyeranızı da bu sahədə görürdünüz?
- 7 yaşımdan musiqi ilə məşğul olmağa başladım. Planım musiqiçi olmaq idi. Məsələn, Xalq Musiqi Alətlərinin Respublika Müsabiqəsində (2014), Bülbülün 115-ci il dönümünə həsr olunmuş Respublika Müsabiqəsində (2012) 1-ci yer qazanmışdım. 11-ci sinfi bitirəndə musiqi yönündə getməkdə qərarlı idim. Hətta qəbul imtahanından öncə musiqi ilə bağlı qabiliyyət imtahanında iştirak etdim. Qəbul imtahanında balım yüksək olduğu üçün valideynlərim təhsilimi musiqi deyil, dövlət və ictimai münasibətlər üzrə davam etdirməyi məsləhət gördülər.
- Nə qədər bal toplamışdınız?
- 580 idi. 2014-cü ildən söhbət gedir.
- Valideynlər məsləhət görəndə seçim qarşısında qaldınız, yoxsa elə siz də bunu daha uyğun bildiniz?
- Musiqidə karyera həm də ifaçının musiqi alətindən asılıdır. Məsələn, piano, skripka dünyanın müxtəlif ölkələrində ifa edilir deyə, başqa ölkələrə gedə, orada konsert verə bilirsən. Mən isə kamança ifa edirdim. Beynəlxalq mühitə çıxmaq imkanlarım piano, skripka qədər geniş olmayacaqdı. Bu səbəbdən valideynlərimin dediyi yöndə getməyi qərara aldım.
- Sonra peşman olmadınız?
- Yox. Musiqi hobbi kimi hər zaman mənimlədir. ADA Universitetində oxumaq mənə çox şey qatdı. Orada təhsil almaqla yanaşı, bir insan kimi yetişdim, dünyaya baxışım dəyişdi.
- Universiteti bitirən kimi Amerikaya getmisiniz. Bu yol necə açıldı?
- “Green card”la gəlmişəm. Tələbə idim, dedim şansımı sınamağa başlayım, nə vaxtsa qəbul gələr. “Karyeram oturuşanda, nə vaxtsa gedərəm” kimi düşünürdüm. 4-cü kursda oxuyanda – 2017-ci ildə qəbul gəldi. Mənə də şok oldu. Konsulluğa müraciət etdim ki, vaxtımı bir az uzatsınlar, universiteti bitirə bilim. Mayın 26-sı məzuniyyət günümüz oldu, iyunun 1-i heç bir iş, həyat təcrübəsi olmadan ABŞ-yə uçdum.
- İş tapmaqla bağlı narahatlığınız var idi?
- Valideynlərim mənə 1 aya yetəcək qədər pul vermişdilər. Narahat deyildim, iş tapacağımdan əmin idim. Sadəcə, istədiyim işlərə çatana qədər hardansa başlamaq lazım olduğunu bilirdim. Bəzən ABŞ-yə gələn azərbaycanlılar başlamaq üçün təklif edilən sıravi işlərə “yox” deyirlər. Öz istəklərinə uyğun iş axtarırlar. Mən o fikirdə deyildim. Xarici mühit mənə şok kimi gəlmədi. Çünki bakalavr təhsili dönəmində tələbə mübadilə proqramı ilə Koreyaya getmişdim. Eyni zamanda, həyat tərzimi büdcəmə uyğunlaşdıran biriyəm. ABŞ-də ilk işimdə həyat tərzim fərqli idi. Üstəlik, insan komfort zonasından çıxanda özünü inkişaf etdirir. Bir insan kimi ABŞ-də çox böyüdüm. İş tapmağa gəlincə, “Macy’s” deyilən şirkət var. Ora müraciət etdim, məişət avadanlıqları şöbəsində satış mütəxəssisi kimi işə götürdülər. 2 ay sonra artıq digər işlərə müraciət etməyə başladım. 5-6 ay sonra “Bank of Amerika”da müştəri xidmətləri üzrə nümayəndə vəzifəsinə qəbul edildim.
- Yazını oxuyanlardan “Bəxti gətirib, universiteti bitirən kimi “Green card” udub” kimi düşünənlər də olacaq. Bəxtiniz gətirdiyini düşünürsünüz?