Masallıda baş verən partlayışla bağlı cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Pravda.az-a verilən məlumatda bildirilib ki, aprelin 16-da saat 07 radələrində Masallı rayonunun Təzə Alvadı kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölmələri tərəfindən operativ surətdə həyata keçirilmiş tədbirlərlə 2-si azyaşlı olmaqla 3 nəfər dağıntılar altından çıxarılaraq, ümumilikdə xəsarət almış 5 nəfər Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.
Hadisə yerinə prokurorluq və polis əməkdaşları tərəfindən Fövqəladə Hallar və Energetika nazirliklərinin, “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkimləri tərəfindən xəsarət almış şəxslərə təxirəsalınmaz tibbi yardım göstərilib.