1941 – 1945 - ci illər Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan xalqının böyük payı olub. Bu müharibədə respublikamızın 600 mindən çox nümayəndəsi iştirak edib. Müharibə illərində Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin bir neçə milli diviziya formalaşdırıldı. Həmçinin 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar. Xalqımızın qəhrəman övladları yüzlərlə yaşayış məntəqəsi uğrunda igidliklə döyüşüb, Yuqoslaviya, Polşa, Çexiya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. 1941 – 1945- ci illər Böyük Vətən müharibəsində Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Hüseynbala Əliyev, Züleyxa Seyidməmmədova, Ziya Bünyadov kimi Azərbaycan övladları böyük rəşadət göstərərək adlarını müharibənin tarixinə qızıl hərflərlə yazıblar.
Bakı neftçiləri 1941 – 1945 - ci illər Böyük Vətən müharibəsinin ən böyük qəhrəmanlarından biri idi. Azərbaycan neftçiləri şücaət göstərərək cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Müharibə illərində neftçilərimiz ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər, aviasiya benzini almaq üçün Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yeni texnologiya yaradılıb. Ümumilikdə, SSRİ-nin müharibədə sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin isə 80 faizi Azərbaycanın payına düşüb. Həmin dövrün tanınmış siyasətçiləri, hərbçiləri Azərbaycan neftçilərinin fəaliyyətini yüksək qiymətləndirib, neftçilərimizin müharibədə qazanılan qələbədəki payından bəhs ediblər. Cəbhədə düşmənə ağır zərbələr endirməyə imkan verən yüksək oktanlı aviasiya yanacağının da Azərbaycanlı alimlər tərəfindən kəşf olunması ölkəmizin bu müharibədə göstərdiyi əzmkarlıq və rəşadətin bir nümunəsidir.