Biz öz doğmalarımızı, illah da həyatımızda dərin izlərini buraxaraq bizə doğru yol göstərmiş şəxsiyyətləri, həyatda əldə etdiyimiz bütün uğurlarımıza görə minnətdar olduğumuz parlaq simaları nə zaman xatırlayırıq? Yalnız doğum və anım günlərindəmi? Əsla! Onlar hər zaman bizimlədirlər. Onlar bizim düşüncələrimizdə, genetik yaddaşımızda elə möhkəmləniblər ki, hətta həyatda olmasalar belə yenə zəkamızı nurlandırırlar. Biz onların göstərdikləri doğru yolla inamla irəlilədikcə əbədi minnətdarlıq hissi qəlbimizi tərk etmir.
Bizə doğru yolu nişan vermiş parlaq simalar əldə etdiyimiz bütün uğurların müəllifləridir və onları yada salmaq bir qədirbilənlik duyğusudur. Onlar bünövrədir, dayaqdır, istinad yerimizdir, onlar yaddaşımızın ən önəmli guşəsində dayanırlar. Biz hər dəfə yaddaşımıza boylandıqca onları xatırlayırıq, onlarsız uğurlarla dolu bu qədər yolu qət edəcəyimiz inanılmaz görünür. Əgər söhbət yalnız bir fərdin qəlbini işıqlandıran şəxsiyyətdən deyil, bütün xalqın yaddaşında əbədi həkk olmuş, ona xilas və tərəqqi yolunu göstərmiş siyasi xadimdən gedirsə, bu artıq ictimai şüurun ən yüksək mərhələsidir. Əgər söhbət xalqını tarixin ən çətin sınaqlarından şərəf və qürurla çıxarmış, müstəqil dövlətimizin memarı olan Ümummilli Liderimiz Heydər Əliyevdən gedirsə, onda hər bir vətəndaşımızın bildiyi və fərəhlə anladacağı bir uğur hekayəsi var. Çünki hər bir azərbaycanlının ürəyinə Heydər Əliyev doğmalığı hakimdir. Hər bir azərbaycanlı kimi mən də öz yaddaşıma boylanaraq Ulu Öndərimizin xatirəmdə möhkəmlənmiş dolğun obrazını bir yazı da anlatmağa çalışacağam.
... “Diqqət Heydər Əliyev danışır”,- evimizdə hər kəs televizora diqqət kəsilir. O zaman Moskvanın yeganə mərkəzi televiziyasından Heydər Əliyevin Kremldəki çıxışını verirlər. Mən təzə-təzə orta məktəbə gedirəm, evdəkilərin marağı istər-istəməz mənə də sirayət edir. Efirdə göstərilən yad adamların arasından tribunada çıxış edən şəxsiyyətin müdrik siması tədricən yaddaşıma hopur, doğmalaşır.
... “Diqqət Heydər Əliyev danışır”,- evimizdə yenə hər kəs televizora diqqət kəsilib. Bu dəfə yenicə müstəqilliyini elan etmiş ölkəmin televiziyasına baxırıq. İstiqlalını elan edən kimi qarşıdurmaların, vətəndaş müharibəsinin cənginə düşmüş vətənimin ağır günləridir. Tribunada yenə də doğma adamı görürəm, bu dəfə qayğılı, nigaran, lakin həmişəki kimi qətiyyət və cəsarətlə. Parçalanmaq, yox olmaq təhlükəsi ilə üz-üzə dayanmış xalqım onun yolunu gözləyirdi, onun qayıdışı günü qurbanlar kəsirdi, qurtuluşuna qovuşurdu.
... “Diqqət Heydər Əliyev danışır”,- bu dəfə evimizdə televizorun qarşısında deyilik, gecə yarı onun bir çağırışı ilə “Azadlıq” meydanındayıq. Bütün xalq ayaqdadır! Hamı – böyükdən kiçiyə müdrik rəhbərinin səsinə səs verərək dövlətimizi yenidən parçalamaq, məhv etmək istəyən qüvvələrə qarşı sinəsini sipər edib.