100 illik yubileyini ümumxalq bayramı kimi qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarının lideri, hər bir Azərbaycan vətəndaşının əzizi, doğması, sevimlisidir. Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan nəvəsi, polis general-mayoru Həzi Aslanov söyləyib.
Bildirib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident Sərəncamında qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ulu Öndər bütün fəaliyyəti dövründə xalqımızın qəhrəmanlıq tarixinin öyrənilməsinə, təbliğinə böyük önəm verib, sərkərdə və igid oğullarımızın təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində adlarının əbədiləşdirilməsi üçün böyük səylər göstərib.
Milli Azərbaycan diviziyalarının şərəfinə Taqanroqda, Simferopolda, Belqradda və digər şəhərlərdə abidə-komplekslərinin yaradılması, Mehdi Hüseynzadə, Rixard Zorgenin abidələrinin ucaldılması, neçə-neçə qəhrəmanın ev muzeyinin təşkili və bu kimi bir çox təşəbbüslər məhz Ulu Öndər Heydər Əliyevə məxsusdur.
“Yaxşı yadımdadır, keçən əsrin 70-ci illərindən başlayaraq respublikamızda 9 May – Qələbə Gününə həsr olunmuş tədbirlərə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun məzarüstü abidəsinin qarşısında keçirilən mərasimlə start verilərdi. Müharibə veteranları, ictimaiyyət nümayəndələri, respublikamıza gələn mötəbər qonaqlar, hərbi xadimlər buraya toplaşar və Ulu Öndəri gözləyərdilər. Ulu Öndər Həzi Aslanovun məzarını ziyarət edərək önünə əklil qoyar, hərbçilər fəxri keçid edər və Heydər Əliyev veteranlarla, qonaqlarla, eləcə də görkəmli sərkərdənin ailə üzvləri ilə görüşər, xatirə şəkilləri çəkdirərdi.
İndi həmin görüşlərdən ailə arxivimizdə yüzlərlə fotoşəkil yadigar qalıb. Hər şəkil bir xatirə, hər xatirə isə unudulmaz bir tarixdir”, - deyə H.Aslanov qeyd edib.