Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.
Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.