Türkiyə prezidentliyinə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədriKamal Kılıçdaroğlunun seçki öncəsi "Yeni İpək Yolu” adlı layihəsi ilə bağlı təqdim etdiyi xəritə böyük səs-küyə səbəb olub. Belə ki, Azərbaycan bu xəritədə qeyd edilməyib və "Türk Yolu” xəritəsindən çıxarılıb. Pravda.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Fəzail Ağamalı Azxeber.com-a danışıb.
"Kılıçdaroğlunun bu açıqlaması ilə tanış olduqdan sonra onun Azərbaycana xoş olmayan münasibəti bütün çılpaqlığı ilə ortaya qoyuldu. Bütün dünya Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirən "Bir kəmər, Bir yol” layihəsinin Zəngəzurdan keçərək, Türkiyə vasitəsi ilə Avropaya gedişinə yüksək dəyər verir. Çindən Avropa ölkələrinə qədər belə bir marşrutu yüksək qiymətləndirirlər. Böyük dəyər verdiyimiz Rəcəb Tayyib Ərdoğan da bu layihəni yüksək dəyərləndirərək, özünün müsbət fikrini hər zaman ifadə edib. Kılıçdaroğlu isə açıqlamasında "Yeni İpək Yolu”nun Türkiyə dövlətlərindən keçərək, İran vasitəsi ilə Avropaya çıxacağını deyib. Bu anormal və baş tutması mümkün olmayan açıqlamadır. Bu həm də Kılıçdaroğlunun Azərbaycana mənfi münasibətinin açıq ifadəsidir”.