Azərbaycan quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxacaq. Yerli medianın yazdığına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov quru sərhədlərinin açılması ilə bağlı sualları cavablandırarkən deyib. Azərbaycan koronavirus pandemiyasına görə xüsusi karantin rejimini iyulun 1-nə kimi uzadıb.
Xüsusi karantin rejiminə görə ölkənin quru sərhədləri bağlıdır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 5-də "Covid-19″la bağlı qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib.
ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyb ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər. Amma o, eyni zamanda vurğulayıb ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: "Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmağa davam edir".
Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısı qələbəlikdir: onlarla adam ölkəni quru yolla tərk etmək üçün icazə almağa çalışır.
Koronavirus pandemiyasına görə, iki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb, ölkəni yalnız hava yolu ilə tərk etmək mümkündür, bircə Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıqdır.
Nazirlər Kabinetinin son qərarına görə, ölkədə pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, yerüstü sərhədlərin bağlı qalması iyulun 1-nə kimi uzadılıb.
37 yaşlı Bakı sakini Sahibə Allahverdiyeva səhhətinə görə İrana getməlidir, amma təyyarə ilə getməyə maddi imkanı yetmədiyindən bu ölkəyə quru yolla keçmək üçün icazə almalıdır. Deyir, ayağı amputasiya olunmalıdır: "Azərbaycanda bunu etdirmək üçün həkimə getməyə imkanım yoxdur. Amputasiyadan başqa, bir də protezə pul verməliyəm. Ona görə də İrana getmək istəyirəm. Orada ucuzdur".
Nazirliyin binası qarşısında uzun növbə bura yığışanlara ünsiyyətə başlamaq üçün mövzu olub: "Neçənci adamsan?" - bir-birlərindən soruşurlar. "Səhər saat 6-dan buradayam, 13-cü adamam", "Saat 9-da gəlmişəm, 133-cü adamam", cavablar müxtəlifdir. Növbədə 180-ci olan da var.
Gəncədən gəlmiş Afaq Rzayeva da İrana getmək istəyir, azyaşlı övladını ora müalicəyə aparır: "Pandemiya başlayandan getməmişik. Uşağa burada xəstəxanada ağır kimyəvi dərmanlar verildiyi üçün beynində problem yaranıb. Bura etibarım yoxdur, ona görə də uşağı İrana aparmaq istəyirəm".
O bu gün Bakıya məhz icazə dalınca gəlib, əgər sənədi ala bilməsələr, məcbur olub Bakıda qalacaqlar.
Növbə gözləyənlər arasında bəzən narazılıq səsləri ucalır. Kimsə gözləməkdən bezib, kimsə yorulub, ayaq üstə dayana bilmədiyini deyir. Kimsə saatlardır gözlədiyini, növbəsinin niyə hələ də gəlib çatmadığını sorğulayır.
"İrana göz əməliyyatına getməliyəm, açıq göz əməliyyatı olunmuşam. İndi bu birisi olmalıdır. Təyyarə qiymətləri çox bahadır. Mənim hər gedişdə 1000 dollar pulum çıxır, üstünə də təyyarənin qiymətini gələndə çox olur", - Bakı sakini, Əzizə adlı qadın BBC müxbirinə deyib.
Onun sözlərinə yanındakı Məleykə adlı bir qadın dəstək verir: "Ay bala, bax, mən həm həkimə gedirəm illərdir, həm də alverə. Nə gizlədim? Çörəyimi ordan qazanırdım. Uşaqlarımı ordan gətirib satdıqlarımla oxutmuşam, ərə vermişəm, evləndirmişəm. İki ildir ruzumuzu kəsiblər. Başa düşdük ki, "korona"dır oturduq, gözlədik. İndi ki, hər yer açıb sərhədləri. Bunların bağlamaqda məqsədləri nədir? İşə düşmüşük. Samalyotda adam virus tutmur?"
Səhər saat 11 olur. Birdən narazı səslər ucalır. Növbədə gözləyənlər arasında İkinci Qarabağ müharibəsində yaralanmış bir gəncin olduğunu bilənlər onun növbəsiz keçməsini istəyirlər. Keçmiş müharibə iştirakçısı içəri keçəndən sonra səs-küy yatır.