“Azərbaycanda “TikTok”un qadağan edilməsi absurd səslənir. Çünki Azərbaycan Vətən müharibəsində məhz “TikTok” vasitəsilə Ermənsitana informasiya savaşında qalib gəldi. Cənab Prezidentin “Twitter” vasitəsilə atdığı tvitləri, eyni zamanda yeniyetmə gənclərin “TikTok” vasitəsilə Ermənistana verdikləri cavabları unutmaq olmaz. Bu baxımdan, düşünürəm, istənilən platformadan, sosial şəbəkədən öz xeyrimiz üçün istifadə etməliyik, nəinki qadağa qoymaq. İndi süni intellekt, süni zəka botları, proqramları, tətbiqləri gəlib. Qadağalarla iş düzəlsəydi... Müharibə zamanı dövlətin təklifi ilə müəyyən qadağalar oldu, amma müxtəlif VPN proqramları tərəfindən bu qadağalardan yan keçilə bildi. İndiki məqamda kimlərinsə istəyi, fikri ilə müəyyən problemlərin həlli üçün guya dövlətə kömək etmək məqsədilə qadağa təklif olunması lazım deyil. Məhz sosial şəbəkələrdən məntiqli, maksimum dərəcədə Azərbaycanın xeyrinə, hətta iqtisadi maraqları ödəmək üçün istifadə etməyin tərəfindəyik. “İnstagram”, “Facebook”, “Youtube” və digər sosial platformalarda insanlarımız pul qazanırsa, bunun nəyi pisdir? Əlbəttə, yaxşı olar ki, sivil yolla pul qazanılsın, fırıldaqçılıq, aldatmaqla yox. Əslində böyük platformalar dünyanın hər yerində alternativ təhsil, iş yerləri, virtual ofis kimi istifadə olunur. Biz də insanları ora yönəltməliyik. Evdar qadın, yaxud bir gənc “TikTok”dan və digər platformalardan pul qazanırsa, bunun nəyi pisdir?”
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış kulturoloq Aydın Xan Əbilov deyib.