Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova müsahibə verib. Müsahibəni təqdim edirik.
- Sahibə xanım, bu, Milli Məclisin Sədri kimi sizinlə ilk müsahibəmizdir. Fürsətdən istifadə edib, sizi bir daha təbrik edir və uğurlar arzulayırıq.
- Təşəkkür edirəm, sağ olun!
- Bildiyimiz kimi, bu il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif çıxış və nitqlərində bu seçkiləri Azərbaycanın demokratik inkişafı istiqamətində atılmış növbəti addım kimi dəyərləndirib. Seçkiləri izləyən beynəlxalq və yerli müşahidəçilərin mütləq əksəriyyəti də prosesi müsbət qiymətləndirib. Mövzunun aktuallığını nəzərə alaraq, sizin də bununla bağlı ümumi bir dəyərləndirmə aparmağınızı xahiş edirik.
- Azərbaycanın demokratik inkişafı tarixində mühüm mərhələlərdən birini təşkil edən 9 fevral Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər azad, şəffaf və ədalətli şəkildə keçirilmişdir. Azərbaycan xalqının, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində ifadə olunmuşdur. Rekord sayda - 1300 nəfərdən çox namizədin iştirak etdiyi prosesdə bütün namizədlərə bərabər imkanlar yaradılmış, onların seçicilərlə görüşləri, öz fikirlərini, düşüncələrini seçicilərə sərbəst çatdırmaları üçün hər cür şərait təmin edilmişdir.
Bununla yanaşı, Azərbaycan dövləti seçkiləri izləmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmiş, çoxsaylı beynəlxalq müşahidəçilər seçki prosesinin bütün mərhələlərində müşahidə aparmışlar. Ümumilikdə, 880-dən artıq beynəlxalq müşahidəçi seçkiləri izləmişdir ki, onlar da 58 ölkəni və 59 beynəlxalq təşkilatı təmsil etmişlər. 200-ə yaxın xarici kütləvi informasiya vasitəsinin əməkdaşları prosesi müşahidə etmiş və geniş işıqlandırmışlar. 77 min 800-ə yaxın yerli müşahidəçi müvafiq seçki qurumlarında qeydiyyatdan keçərək müşahidə aparmışlar, 4 təşkilat "exit-poll" həyata keçirmişdir. Müşahidəçilərin mütləq əksəriyyətinin prosesi müsbət dəyərləndirməsi də bir daha bu gerçəkliyi ifadə edir ki, 9 fevral seçkiləri bütün demokratik meyarlara cavab vermişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev də bir çox çıxış və nitqlərində, o cümlədən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı geniş nitqində seçkilərlə bağlı fikirlərini bildirmiş, seçki prosesinin uğurla keçdiyini söyləmiş, seçkilərin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd etmişdir.
- Yeri gəlmişkən, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Aprelin 14-də keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə də dövlətimizin başçısı Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Bu mesajlar nədən ibarətdir və parlamentin qarşıdakı dövrdə fəaliyyətində hansı istiqamətlər prioritet olacaq?
- Möhtərəm Prezidentimizin həm altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında söylədiyi nitqində, həm də aprelin 14-də keçirilən müşavirədə irəli sürdüyü dəyərli tövsiyələr bizim fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirir və biz bunu "yol xəritəsi" olaraq qəbul edirik. Əlbəttə ki, Azərbaycan Respublikası Milli Məclisi bu böyük inamı və etimadı doğrultmağa, xalqımızın və ictimaiyyətin gözləntilərinə cavab vermək üçün daha səmərəli fəaliyyət göstərməyə, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır. Bu vəzifələr, ilk növbədə, ondan ibarətdir ki, Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etsin. Həmçinin Azərbaycan üçün prioritet təşkil edən könüllülük hərəkatı, gənclərlə iş, informasiya təhlükəsizliyi, sosial-müdafiə və digər sahələrdə yeniləşən, müasirləşən ölkə həyatının standartlarına cavab verən qanunvericilik bazasının yaradılması istiqamətində addımlar atılmalı, qanun yaradıcılığında keyfiyyət tələbləri üstün tutulmalıdır. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bu günə qədər altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin artıq beş iclası keçirilib ki, bu iclaslarda da 44 qanun və qərar qəbul olunub.
Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi üzrə 82 dostluq qrupu, 11 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və iki ikitərəfli komissiya fəaliyyət göstərir. Parlamentimiz dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək, beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqəti daha da artıracaq. Xüsusilə, parlament diplomatiyasının geniş imkanlarından faydalanaraq, möhtərəm Prezidentimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində apardığı ardıcıl və qətiyyətli siyasətə dəstək verəcəkdir. Həmçinin deputatlarımız seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirəcək, seçicilərlə sıx təmasda olacaqlar. Yəqin ki, müşahidə edirsiniz, demək olar ki, bütün deputatlarımız karantin rejiminə əməl etməklə, seçicilərlə onlayn görüşlər keçirir, müasir texnologiyalardan faydalanaraq onlarla ünsiyyət qururlar. Qarşıdakı dövrdə bu təmasların daha da sıxlaşacağını əminliklə söyləyə bilərik.
- Sahibə xanım, son illərdə ölkəmizdə demək olar ki, həyatın bütün sahələrində genişmiqyaslı islahatlar reallaşdırılır. Bu islahatlar yeni mərhələdə ölkəmizin qarşısında duran çağırışlara müvəffəqiyyətlə uyğunlaşmaq, müasirləşmək məqsədlərinə xidmət edir. Siz bu islahatları necə qiymətləndirirsiniz?
- Təbii ki, Azərbaycanda əldə olunan müsbət nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi, 2020-ci ilin ilk rübünün göstəriciləri, həyata keçirilən uğurlu, düşünülmüş siyasətin, aparılan çoxşaxəli islahatların gündəlik həyatda öz təsdiqini tapmasını əks etdirir. Bu, bütün sahələrdə böyük nailiyyətlərin qazanılması və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Xüsusilə, dərin islahatlar ili kimi xarakterizə olunan 2019-cu ildə reallaşdırılan genişmiqyaslı islahatlar ölkə və cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə respublikamızın qarşısında yeni inkişaf perspektivləri yaradıb. Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi, regional inkişaf proqramlarının uğurlu icrası və iqtisadi aktivlik coğrafiyasının regionlara doğru genişlənməsi, modern sənaye quruculuğu, qeyri-neft sektorunun sabit inkişafının təmin olunması kimi başlıca strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycanın iqtisadi həyatında çox ciddi nailiyyətlərin qazanılmasını şərtləndirmişdir. Bu gün qlobal iqtisadi sferada müşahidə olunan mənfi tendensiyalar və risklər fonunda Azərbaycan özünün iqtisadi məkanını mənfi təsirlərdən qoruya, bu cür meyillərə qarşı ciddi müqavimət göstərə bilir. Qlobal pandemiya dövründə ölkəmizdə ümumi daxili məhsul 1,1 faiz artıb, qeyri–neft sektorunda 3 faizdən çox artım olub, qeyri–neft sənaye sektorunda isə artım 23 faizdir. Bu da, ilk növbədə, onunla əlaqədardır ki, ölkəmizin iqtisadi sütunları möhkəmdir, kifayət qədər böyük iqtisadi imkanlara və resurslara malikdir. Azərbaycan heç bir beynəlxalq donor təşkilatdan asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündədir. Bu da həyata keçirilən məqsədyönlü islahatların daha bir uğurlu göstəricisi kimi dəyərləndirilməlidir.
O da məlumdur ki, ölkəmizin iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. Başqa sözlə desək, Prezident İlham Əliyevin ardıcıl və davamlı islahatlar kursu, qazanılan iqtisadi nailiyyətlər ölkə vətəndaşlarının rifahında hərtərəfli əksini tapır. Ötən il həyata keçirilən böyük sosial paket 4,2 milyon vətəndaşımızı əhatə etməklə, onların maddi-rifah halının əsaslı şəkildə yaxşılaşmasını təmin etdi. Əməkhaqqı və pensiyaların artırılması, aztəminatlı ailələrə yardımların edilməsi, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranlarının həyat şəraitinin yaxşılaşdırılması və bu istiqamətdə atılan digər addımlar Azərbaycanda sosial siyasətin prioritet təşkil etdiyini və ölkə vətəndaşlarının maraqlarının, mənafeyinin hər şeydən üstün olduğunu göstərir. Cari ildə də sosial layihələrin davam etdirilməsi, bu sahədə heç bir proqramın ixtisar edilməməsi sübut edir ki, Azərbaycan dövləti yalnız öz gücünə, öz imkanlarına arxalanaraq genişmiqyaslı sosial proqramlar həyata keçirir, dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə söykənən qərarlar qəbul edir.
Qeyd etməliyik ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar uğurlu siyasi islahatlarla tamamlanır. Həm konseptual, həm də struktur xarakteri daşıyan bu islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədlərinə xidmət edir. Eyni zamanda, Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir.
Beləliklə, Azərbaycanda sistemli islahatlar cari ildə də davam etdirilir, dövlət idarəetmə sistemi, icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Möhtərəm Prezidentimizin müşavirədə bu mövzuya xüsusi diqqət ayırması, islahatların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə, ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla reallaşdırılacaq.
- Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur islahatları barədə nə demək olar? Bu islahatları zəruri edən şərtlər nədən ibarətdir?
- Təbii ki, Azərbaycanda həyata keçirilən və bir qədər əvvəl qeyd etdiyimiz çoxşaxəli islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin yenidən qurulması, tərkibinin yenidən formalaşması zərurətini yaratmışdı. Buna görə də Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Milli Məclisin cənab Prezidentə müraciəti əsasında növbədənkənar parlament seçkiləri təyin olunmuş və keçirilmiş, Milli Məclis yeni tərkibdə formalaşmışdır. Milli Məclisin ilk iclasında isə qurumun rəhbərliyi tam tərkibdə dəyişmişdir. İlk dəfə olaraq, müxalifət partiyasını təmsil edən deputat Milli Məclisin Sədr müavini seçilmişdir. Həmçinin komitələrin sədr və sədr müavinləri sırasında müxalifət partiyalarının təmsilçiləri də yer almışdır. Möhtərəm Prezidentimizin də həmin müşavirədə qeyd etdiyi kimi, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açır. Bu, eyni zamanda, Milli Məclisdə gedən proseslərə də müsbət təsir göstərəcək. Siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir. Eyni zamanda, bu addımlar sübut edir ki, Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bunun üçün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə çox ciddi, qətiyyətli siyasi iradə nümayiş etdirilir.
Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur islahatlarına gəldikdə isə burada da məqsədimiz istər parlament Aparatının, istərsə də İşlər İdarəsinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil olunmasıdır. Hesab edirik ki, Azərbaycan xalqının, seçicilərin də gözləntiləri bu yöndədir.
- Sahibə xanım, bu gün nəinki ölkəmizdə, eləcə də dünyada gündəmin əsas müzakirə mövzusu yeni növ koronavirusun sürətli yayılması və ona qarşı qlobal miqyasda görülən tədbirlərdir. Azərbaycanda bu epidemiyanın yayılmasının qarşısının alınması istiqamətində çox ciddi addımlar atılır. Siz ölkəmizdə epidemiyaya qarşı görülən işləri və onun nəticələrini necə qiymətləndirirsiniz?
- 2019-cu ilin sonlarında aşkara çıxan bu virusun yayılması ötən aylar ərzində nəinki səngiməyib, əksinə, daha geniş yayılaraq bu gün çox təhlükəli bir hal alıb. Dünya son onilliklərdə bəlkə də ilk dəfə belə böyük pandemiya ilə üzləşib. Bu virus hər bir dövləti, hər kəsi təhdid edir, heç bir sərhəd tanımır. Elə onun yayılma arealına və sürətinə nəzər yetirəndə hər şey aydın görünür. Hər gün yüzlərlə insanın bu virusdan həyatını itirməsi, yeni insanların bu xəstəliyə yoluxması, dövlətlərə dəyən hələ ki, miqyası müəyyənləşməyən böyük ziyan bir daha bu epidemiyanın yaratdığı təhlükənin nə dərəcədə təhlükəli və ciddi olduğunu təsəvvür etməyə imkan verir. Pandemiyanın nə vaxt qurtaracağı, necə inkişaf edəcəyi ilə bağlı heç bir proqnoz səsləndirmək mümkün deyil, eyni zamanda, bu virusa qarşı təyin olunmuş, sınaqdan keçirilmiş hər hansı tibbi metod, vaksin mövcud deyil. Bu da şübhəsiz ki, vəziyyəti daha da mürəkkəbləşdirir.
Azərbaycan koronavirusa qarşı mübarizədə dünyada öncül dövlətlərdən biridir. Ölkəmizdə bu virusun yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər örnək təşkil edir və uğur formulu kimi qəbul olunur. Bilirsiniz ki, Azərbaycan bu virusun dünyada hələ indiki qədər geniş yayılmadığı başlanğıc mərhələdə dərhal preventiv tədbirlər görməyə başladı, çevik və önləyici qərarlar qəbul etdi. İlk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edən ölkəmiz təşkilatın tövsiyələrini nəzərə alaraq, eyni zamanda, tərtib olunan tədbirlər planını uğurla yerinə yetirərək çox operativ və çevik fəaliyyət göstərib. Qəbul olunan qərarlar situasiyaya tamamilə adekvat olub və uğurlu nəticələr verib. Prezident İlham Əliyevin Sərəncamı ilə cari ilin əvvəlində yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargah səmərəli fəaliyyət göstərib. Bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə ərazisində kütləvi tədbirlərin təxirə salınması, sosial təcridlə bağlı xüsusi rejim, daha sonra isə xüsusi karantin rejiminin və nəhayət, ölkədə hərəkət məhdudiyyətinin tətbiq olunması, nəticə etibarilə, Azərbaycanda bu virusun daha geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr verib. Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejim tətbiq edilməsəydi, bu gün başqa təhlükəli vəziyyət yarana bilərdi. Azərbaycan dövlətinin əsas məqsədi ondan ibarətdir ki, insanlarımız bu xəstəliyə yoluxmasın, vətəndaşlarımızın sağlamlığı qorunsun və bu virusun yaratdığı fəsadlar aradan qaldırılsın.
Digər mühüm məqam pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması istiqamətində görülən tədbirlərlə əlaqədardır. Prezident İlham Əliyev müşavirədə bu mühüm məsələyə diqqət çəkdi, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması istiqamətində görülən sistemli və koordinasiyalı işlərin xüsusi əhəmiyyətinə toxundu. Bu gün iqtisadi böhrandan əziyyət çəkən əksər ölkələr beynəlxalq maliyyə institutlarına, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına borc üçün müraciət etdikləri halda Azərbaycan özünün güclü maliyyə imkanları hesabına xarici şokların təsirlərini aradan qaldırmağa qadir dövlətdir. Respublikamızın strateji valyuta ehtiyatları – güclü "təhlükəsizlik yastığı" makroiqtisadi sabitləşdirmə, iqtisadi fəallığın qorunub saxlanması və dayanıqlı iqtisadiyyatın inkişafı üçün möhkəm təminat yaradır. Hesab edirəm ki, Azərbaycan postpandemiya dövründə də atacağı addımlarla ölkəmizin sabit, dinamik inkişaf meyillərinin qorunmasına nail olacaqdır.