Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətnəkdə təqsirləndirilən Kamil Alcəfərovun cinayət işi üzrə məhkəmə istintaq başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 22-nə təyin edilib.
Qeyd: Hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbəsində baş verib.
Qəzaya səbəb taksi xidməti göstərən “NAZ Lifan” markalı 75-TA-521 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, rayonun Payız kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Alcəfərovun idarəetməni itirməsi olub. Avtomobildə sürücünün öz ailə üzvlərindən ibarət beş nəfər olub. Onlardan həyat yoldaşı, 1969-cu il təvəllüdlü Alcəfərova Durna İbrahim qızı və nəvəsi, 2019-cu il təvəllüdlü Alcəfərov Ramil İsmayıl oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə xəstəxanaya yerləşdirilib. Qəza zamanı onun sol körpücük sümüyü sınıb.
Digər sərnişinlər Alcəfərov Musa İsmayıl oğlu və Alcəfərov Asim Musa oğlu isə yüngül xəsarət alıblar.
Kamil Alcəfərova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Kamal Məmmədov