Rüşvət almaqda təqsirləndirilən Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun keçmiş əməkdaşı Cavid Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın məlumatına görə, istintaq materiallarında qeyd olunub ki, o, dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət alıb.
Aparılan istintaq zamanı müəyyən olunub ki, C.Məmmədov 2017-ci ildə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin edilib, 2020-ci ildə isə Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru vəzifəsinə təhkim olunub.
Belə ki, o, həmin vəzifədə işləyərkən 2022-ci il tarixdə Qusar rayonunun Şirvanovka kəndində yerləşən Azərbaycanın Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunda Rəfail Şəriflinin idarə etdiyi avtomobilinə yoxlamanı səthi həyata keçirib, gömrük nəzarət postundan yoxlama prosedurlarını sürətli icra etməklə həmin şəxsdən 40 manat məbləğində pulu rüşvət qismində alaraq onu buraxıb.