Vasif Talıbov ötən il dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri postundan istefa verəndən sonra muxtar respublikada köklü kadr dəyişiklikləri aparıldı.
Başda Naxçıvan prokurorunun köməkçisi vəzifəsində çalışan qardaşı Məhərrəm Talıbov və Naxçıvan Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsini tutan oğlu Seymur Talıbov olmaqla, keçmiş sədrə yaxın olan xeyli adam muxtar respublikadakı postları ilə vidalaşmalı oldu. Yenisabah.az bildirir ki, Fuad Nəcəflinin prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi təyin edilməsindən sonra islahat dalğası daha geniş vüsət aldı. Naxçıvan Muxtar Respublikasında hökumət üzvü olan bir neçə nazir, komitə sədri və digər rəsmi şəxslər işdən çıxarıldı. Adı Vasif Talıbovla işbirliyində hallanmayan yeni kadrlar Naxçıvanda müxtəlif qurumların başına gətirildi.
Qeyd edək ki, V.Talıbov və yaxın ətrafı əvvəlcə baş verənləri seyr etməklə kifayətləndi. “Xan” və çevrəsi muxtar respublikada gedən dəyişikliklərə münasibət bildirməkdən hər vəchlə yayındı. Hətta ilk vaxtlar onlar cəmiyyətdən tamamilə təcrid olunmağa üstünlük verdilər. Ötən 5 ay ərzində V.Talıbovun heç bir ictimai məkanda görünməməsi hətta xeyir-şər məclislərinə belə qatılmaması bunu sübut edir.