“Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun Rusiyanın seçkilərə müdaxilə etməsi ilə bağlı iddiası əsaslı deyil. Çünki bu gün Rusiyanın seçkilərə müdaxilə və təsir imkanları yoxdur. Moskva hazırda öz daxili işləri istiqamətində addımlar atır, başı daha çox buna qarışıb. Düşünürəm belə bəyanatlar ciddi bəyanatlar deyil və arxasında seçiklərlə bağlı müəyyən məqamlar, məsələlər durur. Məlumdur ki, bu gün Qərb Rusiyaya sanksiya tətbiq etməsi, əlaqələrini kəsməsi üçün Türkiyəyə təzyiqlər göstərir. Türkiyə isə bu proseslərdə mövqeyini ortaya qoyur, iştirak etmir. Kılıçdaroğlu isə tam Qərbyönümlü siyasət həyata keçirir. Düşünürəm, o, bununla mesaj vermək istəyir ki, prezident seçilərsə, gələcəkdə siyasəti Qərbyönümlü olacaq, Qərbin tələblərini yerinə yetirəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya yaxın olması fikrini də qəbul etmirəm. Bu gün Rusiya-Türkiyə münasibətləri normaldır. Amma bir sıra məsələlərdə Rusiya-Türkiyə münasibətlərində fikir ayrılığı var. Bunu Ukrayna ilə, bəzən Azərbaycanla bağlı və bəzi başqa məsələlərdə görürük. Ona görə də Ərdoğanı tam Rusiya ilə əlaqələndirməyi də yanlış hesab edirəm. Düşünürəm, Kılıçdaroğlunun bəyanatı seçkilərə hesablanmış addımdır. O, belə bəyanatlar verərkən diqqətli olmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov deyib.