Bakının Sabunçu rayonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Tərlan Qafarovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, məhkəmə baxışı zamanı ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Tərlan Qafarov ifadəsində göstərib ki, 2017-ci il tarixdə Nərgiz Namazova (şərti) ilə ailə həyatı qurmuş və həmin evlilikdən 2 övladı olub. O, taksi sürərək qazandığı pulla ailəsini təmin edib. Lakin 3 il əvvəl anası vəfat etdikdən sonra depressiya yaşayıb. Anasının ölümü ona çox pis təsir edib və Tərlan həmin vaxtlarda xatırlamadığı sosial şəbəkədə baxılan iş üzrə zərərçəkmiş Vüsalə Əliyeva ilə yazışmaqla tanış olub. Bir neçə gün sonra “Qara Qarayev” metrostansiyasının yaxınlığında görüşüblər.
Onun sözlərinə görə, Vüsalə ilə vaxt keçirmək onun xoşuna gəlib və onların münasibətləri daha da yaxınlaşıb. Tərlan artıq Vüsaləyə bağlanıb və tez-tez onunla görüşməyə başlayıb. Vüsalə ilə tanışlıqdan təxminən 2 ay sonra o, arvadı Nərgizə Vüsalə ilə münasibəti barədə danışıb. Nərgiz bunu çox pis qəbul edib. Lakin bir müddət sonra arvadı artıq onun həyatında başqa qadın olduğunu qəbul edəsi olub.
Hadisədən təxminən 1 il əvvəl Vüsalə birlikdə kirayədə yaşamağa başlayıb. Bəzi vaxtlarda isə arvadı ilə uşaqlarının yaşadığı evə də gediblər. Vüsalənin 17 yaşlı qızı var. Amma həmin qız Biləsuvar rayonunda Vüsalənin anası ilə birlikdə yaşayır.
Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, o, Vüsalə ilə bir yerdə yaşamağa başladıqdan sonra qadının mobil telefonunda adını və nömrəsini xatırlamadığı bir kişi ilə yazışdığını görüb. Maraqlandıqda, Vüsalə Tərlanı çox istədiyini, ona xəyanət etmədiyini, telefonla yazışdığı adamı çoxdan tanıdığını və daha yazışmayacağını bildirib.
O söyləyib ki, Vüsalə həmin adama mobil telefonda təxminən “Tərlandan ayrılım, Türkiyəyə gedərik” tipli bir mesaj yazmışdır. Tərlan Vüsaləyə bağlandığı üçün qadının xoş sözlərindən sonra barışıb və münasibətləri normal davam etməyə başlayıb. Təxminən 6 ay öncə o, Vüsalənin mobil telefonunda yenə başqa bir kişi ilə yazışdığını görüb. Həmin vaxt Vüsalə yenə Tərlana səhv etdiyini bildirib və onu bağışlamasını xahiş edib. O, yenə Vüsaləyə bağlandığı üçün onunla barışıb.
Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib ki, birlikdə olduqları müddətdə Vüsalə ondan heç bir şey istəməyib, əziyyəti də özü çəkib. Ancaq Tərlan özü də laqeyid yanaşmayıb, gücü çatanı edib. Lakin hadisədən təxminən 1 ay əvvəl Vüsalə Bakıxanov qəsəbəsində yerləşən “Krevetka” adlı restoranda işləməyə başlayıb. Vüsalə orada işləməyə başladıqdan sonra evə gəlib, Tərlana qız dostlarının sevgilililərinin onlara “İphone” markalı telefon, avtomobil aldıqlarını və həmin şeyləri istədiklərini söyləyib. O isə Vüsaləyə taksi sürücüsü olduğunu, ona avtomobil, telefon almağa maddi imkanının olmadığını bildirib.
Bundan sonra Vüsalə evdə onunla danışmayıb, ona qarşı pis münasibət göstərib. O, Vüsalədən pis münasibətinin səbəbini soruşsa da, qadın ona cavab verməyib, Tərlanla danışmaq istəmədiyini deyib. O, Vüsaləni çox qısqanmış və məhz buna görə ondan ayrılıb evdən çıxıb arvadı ilə yaşadığı evə gedib. Son bir ayı artıq Vüsalə ilə yaşamayıb.
O bildirib ki, 14 oktyabr 2022-ci ildə, təxminən saat 02 radələrində yaşadığı evdən çıxıb Vüsalənin işlədiyi “Krevetka” restoranına qədər piyada gəzə-gəzə gedib. Saat təxminən 03 radələrində həmin restoranının qarşısına çatıb və elə həmin vaxt Vüsalənin restorandan çıxdığını görüb. Vüsalə onu görüb əvvəlcə qorxub, çox pis tonda ondan niyə gəldiyini, nə istədiyini soruşub. Tərlan Vüsaləyə əvvəlcə yalandan ölkədən çıxıb getmək istədiyini bildirib, sonuncu dəfə qadını görmək üçün gəldiyini deyib.