Bakıda qonşusunun evini öz evi kimi təqdim edərək satışa çıxaran şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 1978-ci il təvəllüdlü İlqar Hacıyev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib.
Məlum olub ki, İlqar Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən kompleksdə 2-ci mərtəbədəki mənzildə yaşayıb. 2021-ci ildə yuxarı mərtəbədən su sızdığı üçün ev sahibi İlkin mənzilinin açarını İlqara verib və hər hansı problem yaranarsa, dərhal müdaxilə etməsini xahiş edib. Bundan sonra İlqar qonşusuna məxsus evi sataraq pul əldə etmək qərarına gəlib. Bu məqsədlə o, bir neçə nəfərə 60 min manata təmirsiz mənzil satdığını deyib.
Bir neçə gün sonra Oqtay adlı şəxs həmin evi oğluna almaq istədiyini bildirib və İlqarla əlaqə saxlayaraq oraya gəlib. Mənzildə olarkən tərəflər 58 min manata razılaşıblar. İlqar evdə bəzi kommunal problemlərin olduğunu, həmçinin çıxarış əldə edilməli olduğunu deyib və Oqtaydan ona etibarnamə verməsini xahiş edib. O, 58 min manatın 20 mininin dərhal, 30 min manatın çıxarış əldə edilərkən, yerdə qalan 8 min manatın isə 8 ay ərzində hər dəfə 1000 manat olmaqla verilməsinə razılaşıb.