Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Vətəndaş cəmiyyəti olaraq dövlətin yanında yer almalıyıq - RƏY

1 028
Paylaş:
Vətəndaş cəmiyyəti olaraq dövlətin yanında yer almalıyıq -     RƏY

Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. Xalqımızın özünəməxsus dəyərləri, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatları ictimai-milli maraqlar kimi meydana çıxır. İctimai maraq cəmiyyətdə fərdlərin tam şəkildə mənafe və hüquqlarının qorunması, təmin olunması, adekvat şəkildə onların hüquqları ilə bağlı vaxtaşırı qanunvericilk bazasının təkmilləşdirilməsidir. İctimai maraqların müdafiəsi, ölkədə vətəndaş cəmiyyətinin təşəkkül tapması Azərbaycan dövlətinin prioritet vəzifələrindən biridir. Vətəndaş cəmiyyəti institutları çox güclü olduğu zaman cəmiyyətdə ictimai maraqlar təsbit olunur. İctimai və dövlət maraqlarının müdafiəsi hökumət tərəfindən xarici və daxili meydanda həyata keçirilən siyasətdən asılı olduğu qədər respublikada fərqli cinahlarda fəaliyyət göstərən siyasi institutların, təşkilatların əsas qayğısı kimi də dərk edilməlidir.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, dövlət və ictimai maraqların təmin olunması müasir dövrün ən aktual məsələlərindən biridir.

Deputat bildirib ki, dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti, təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur: “İctimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsini, cəmiyyətə aşılanmasını tələb edir. Artıq  müasir dövrün şərtləri, qloballaşma dövlət və ictimai maraqların təmin olunması istiqamətində yeni vəziyyət yaratmaqla yeni yanaşma da tələb edir. Bu baxımdan, milli dövlətçilik maraqları hər zaman, hər yerdə qorunmalıdır. Bu, müzakirə olunmayan və etirazsız qəbul edilməli bir konsepsiyadır. Dövlət vətəndaşlarına məxsusdur. Bunu da nəzərə almaq lazımdır ki, müasir dünyada reallıqlar sürətlə dəyişir və dövlətlərin daxili sabitliyi, ərazi bütövlüyü, suverenliyinə yönəlik təhdidlər müxtəlif formalarda özünü büruzə verir. Son illər dünyada  yaşanan  hadisələr də  bunu bir daha sübut etdi. Bu baxımdan Azərbaycanda hər bir fərd, qrup, təşkilat və struktur tərəfindən dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi daha da aktualdır. İctimai və dövlət maraqlarının qorunmasına xüsusi önəm verilməlidir.  Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələlərdəndir. Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə xidmət olmalıdır”.

Siyasi şərhçi Azər Həsrət isə deyib ki, ictimai və dövlət maraqlarının qorunmasında, inkişaf etdirilməsində, ayaqda tutulmasında vətəndaşların rolu birmənalıdır, qaçılmazdır, vacibdir:

“Təəssüf ki, bəzən vətəndaşlarımızın arasında elə adamlar olur ki, onlar bu maraqları uyğun bir şəkildə qorumaqda görəvli olmadıqlarını düşünürlər. Yəni onlara belə gəlir ki, heç nə etməməlidirlər, hər şeyi dövlət, yaxud başqaları etməlidir, özləri isə rahat yaşamalı, həyatlarını rahat sürdürməlidirlər. Halbuki biz normal cəmiyyət, dövlət istəyiriksə, eyni zamanda özümüz də rahat yaşamaq istəyiriksə, vətəndaş olaraq ictimai maraqlara xidmət etməliyik. İnsanların hər biri vətəndaş kimi ictimai maraqlara xidmət etməlidir. Bu xidmətlərdən boyun qaçıranlar, yayınanlar əslində hər şeydən əvvəl özlərinə zərər verirlər. Məsələn, şəhərin küçələrini zibilləmək. Bir vətəndaş düşünür ki, zibili yerə tullayıram, nə vecimədir? Halbuki bununla o, hamıdan öncə özünə zərər edir. Çünki küçələri zibilli bir şəhərdə yaşamış olur. Yaxud dövlətin sabitliyinin qorunması, xüsusən xarici güclər qarşısında dövlətin maraqlarının qorunması məsələsində vətəndaşın biri çıxır deyir ki, mənim borcum deyil, bu işi dövlət etsin. Yaxşı, dövlət etsin, axı dövlət vətəndaşları ilə dövlətdir. Biz hamımız əl-ələ verib, böyük bir vətəndaş cəmiyyəti olaraq dövlətin yanında yer almalıyıq ki, ümumi ictimai maraqları normal şəkildə qoruya bilək. Bu baxımdan, əlbəttə, Azərbaycanda vətəndaşların böyük bir kəsiminin məsuliyyət hissi yüksək səviyyədədir. Bunu biz küçədə gəzərkən, tədbirlərdə, yaxud mediadan da görə bilirik. Amma elə bir kəsim də var ki, onlar dünyanı veclərinə almırlar. Düşünürlər ki, hamı hər şeydə onlara borcludur. Özləri isə heç kim üçün heç nə etməməlidirlər. Bu kəsimin maarifləndirilməsi, ümumi ictimai maraqlara xidmət məsələlərində onların da yer almasını təmin etmək vacibdir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər