BURADA REKLAMINIZ OLA
BİLƏR

Tikintisinin dayandırılması müzakirələrə səbəb olan binanın rəhbəri danışdı: “Kranlar dəmir konstruksiyaya bərkidilib, aşmasına əsas yoxdur” – MÖVQE

Bakının Nəsimi rayonu, “3-cü mikrorayon bazarı” adlanan ərazinin yaxınlığında tikintisinin dayandırılması müzakirələrə səbəb olan binanın sifarişçisi “EL.SƏ.Nİ” MMC-nin təsisçisi “CAMİ” MMC-nin direktoru Nizami Gözəlov iddialara aydınlıq gətirib.

 

Pravda.az N.Gözəlovun mövqeyini təqdim edir:

 

“Bildiririk ki, mayın 11-də “Pravda.az” saytında yayımlanan “Bakıda bu bina aşa bilər” başlıqlı xəbərdə yalan və həqiqəti əks etdirməyən məlumatlar dərc edilmiş və digər xəbər saytları Sizin xəbər saytının dərc etdiyi həmin yalan məlumatlara istinad edib xəbəri öz saytlarında işıqlandırmışdır. Sözü gedən xəbəri təkzib edirik,  bu addım qanunverciliklə qorunan hüquqlarımızı pozduğunu bildiririk və mətbuat haqqında qanunun sizin xəbər saytı tərəfindən kobud şəkildə pozulduğunu bildirməklə yanaşı, sözü gedən xəbəri təkzib edir və aşağıda qeyd etdiyimiz düzgün məlumatların saytınızda yerləşdirilməsini tələb edirik:

 

Xəbərdə yazılanlar: Bakının Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazinin yaxınlığında 2007-ci ildə tikintisi başlanılan dəmir konstruksiyalı çoxmərtəbəli binanın inşası uzun müddətdir, dayandırılıb. Dəmir konstruksiyalar uzun illər ərzində əlverişsiz hava şəraiti, yağışlar nəticəsində korroziyaya uğrayıb. Vətəndaşlar sözügedən binanın, o cümlədən kranın aşma təhlükəsindən narahatdırlar.

 

Reallıqda mövcud vəziyyət: Xəbəri hazırlayan müəllif bizə naməlum mənbələrə istinad etməklə, layihənin önündə yerləşdirilmiş lövhədə qeyd olunan məlumatları əsas gətirməmiş və yalnız layihənin uzaqdan çəkilən şəkilini saytda yerləşdirmiş, onla haradansa sızan məlumatın düzgünlüyünü yoxlamadan, binanı inşa edən şirkətin hər hansısa bir nümayəndəsinə müraciət etmədən, yalan və əsassız məlumatlara istinad edib dezinformasiyaya yol vermişdir. Halbuki layihənin lövhəsində qeyd olunan məlumatlardan aydın görünür ki, ekspert rəyi 2009-cu ildə verilmişdir. Layihə ilə bağlı tikinti-quraşdırma işlərinə 2011-ci ildən start verilmişdir. Layihə xarici dövlət bankı olan “EXPORT DEVELOPMENT OF İRAN” alınan kredit (xəbərdə yalnış olaraq “Bank Melli İran” göstərilir) vəsaiti ilə yerli şirkətin sifarişi ilə (xəbərdə yalnış olaraq qeyd olunub ki, sözügedən binanı Azərbaycanın yerli şirkətlərindən biri ilə İrana məxsus şirkət ortaq tikirmiş) tikilir və ipoteka ilə yüklüdür. Tikinti işləri 2019-cu ilin əvvəlində hüquqi məsələlərlə əlaqədar (sifarişçi yerli şirkətin adı çəkilən bank qarşısında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərini, eləcə də təsisçi qarşısında şirkətin nizamnaməsindən və qanunvericilikdən irəli gələn öhdəliklərini pozması səbəbindən) müvəqqəti olaraq dayandırılmışdır. Bina zəlzələyə davamlı dəmir konstruksiyaya malikdir və konstruksiya yüksək keyfiyyətli metaldan hazırlanmış və hal hazırda təbiətin təsiri nəticəsində heç bir korroziyaya uğramamışdır. Layihə tikinti qanun və qaydalarına riayət olunmaqla icra olunur. Sayda yerləşdirdiyiniz xəbərin digər hissəsində Siz özünüz bunu təsdiq etmisiniz: Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, həmin bina Bakıda zəlzələyə davamlı və az sayda dəmir konstruksiyalı binalardan biridir. Binanın memarı yerli şirkət olan “AYNA İNŞAAT” olmuşdur. Xəbərdə isə yalnış olaraq yazılır: Binanın memarı da Azərbaycanda yaşayan iranlı olub. Daha sonra xəbərdə yazılır ki, qısa vaxt sonra naməlum səbəblərdən inşaat işi dayandırılıb. Yuxarıda qeyd etdiyimiz kimi, tikinti işləri 2019-cu ilin əvvəlində hüquqi məsələrlərlə bağlı dayandırılmışdır. Bunu öyrənmək üçün müəllif qurumlara sorğu göndərib cavabını gözləməkdənsə, birbaşa olaraq binanın yerləşdiyi yerə gəlib şirkətin nümayəndəsindən düzgün məlumatı alsaydı, daha düzgün və peşəkar olardı.

 

Xəbərdə deyilir: Vətəndaşlar sözügedən binanın, o cümlədən kranın aşma təhlükəsindən narahatdırlar.

 

Reallıqda mövcud vəziyyət: Hansı vətəndaşların qeyd olunan məsələ ilə bağlı şikayəti mövcuddur? Bina 24 saat mühafizə şirkəti tərəfindən qorunur. İndiyə qədər heç bir vətəndaş binanın aşma təhlükəsi ilə risklərlə bağlı şirkət rəhbərliyinə və ya digər qurumlara şikayət etməyib. 2019-cu ildə tikinti işləri dayandırılmazdan öncə, istifadə olunan kranlara texniki nəzarət edən şirkətin rəyləri mövcuddur və həmin kranlar tikinti dayandırılan anadək Fövqəladə Hallar Nazirliyinin nəzarəti ilə istifadə olunmuşdur. Hazırda hər iki kran təbii ki, istifadə olunmur, kranlar tikinti normalarına uyğun olaraq dəmir konstruksiyalı binaya bərkidilib və onların aşmasına heç bir əsas yoxdur”.

 

Redaksiya: Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə sorğu verilib.

Tarix: 13 May 2023, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin