Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.
Pravda.az xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib:
- Axşamınız xeyir, xanımlar və cənablar. Bu gün biz böyük məmnuniyyətlə Prezident Əliyevi və baş nazir Paşinyanı Brüsseldə təşkil olunmuş beşinci görüşdə qəbul etdik. Bizim fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.
Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.
Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.