Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi qazisi Xəlilov Elnur Rizvan oğlunun işdən çıxarıldığı iddia olunur.
Pravda.az məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün icra başçısının müavini, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva ilə əlaqə saxlayıb.
M.Ağamalıyeva əvvəlcə məsələ barəsində məlumatlarının olmadığını deyib. Bunun ardınca isə əlavə edib ki, “araşdırma aparılır, yəqin, nəsə nəticəsi olsa, deyilər”.
Əməkdaşımızın “nə ilə bağlı araşdırma aparılır” sualına isə M.Ağamalıyeva yenidən “məlumatımız yoxdur” cavabını verərək dəstəyi asıb.
Qeyd: 2014-2021-ci illərdə baş leytenant - zabit kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçib. 2016-cı ilin Aprel döyüşlərinin, 2020-ci ilin 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Müharibədə yaralandığı üçün 2021-ci ildə Silahlı Qüvvələrdən tərxis olunub. 2021-2023-cü illərdə Goranboy Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyində Mühafizə kamerasının müdiri vəzifələrində çalışıb.
2024-cü ilin may ayından etibarən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Maliyyə və texniki təminat şöbəsinin Texniki təminat sektorunun mütəxəssisi vəzifəsində çalışır.
Aytəkin Qardaşova