İş adamı Gülağa Tənhanın üç il öncə saytımızda dərc olunan məktubu sildirmək istəyi onun məhkəməyə müraciət etməsi ilə nəticələnib. Səbəb isə media orqanı olaraq öz nüfuzumuzu qorumaq və imicimizə ziyan vurmamaq üçün dərc olunan yazını saytdan silməkdən imtina etməyimizdir. Bu isə Gülağa bəyə yaman təsir edib və o, saytı məhkəməyə vermək, üstəlik, kompensasiya tələb etmək qərarına gəlib. Hərçənd həmin vaxt mövcud olan “Kütləvi informasiya vasitələri haqqında” Qanunda bu cür məsələlərdə jurnalistlərin haqlı olduğunu ortaya qoyan müddəalar yer alıb. Görünür, Gülağa Tənha “KİV haqqında” Qanunları heçə sayaraq hər şeyi məhkəmə ilə həll edəcəyini düşünür. Amma deyəsən, iş adamı məhkəmələrin istinad nöqtəsinin məhz ölkə qanunları olduğunu yaddan çıxarıb. Mövzunu konkret.az-a şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərlinin sözlərinə görə, ötən qanunvericilikdə redaksiyanın materialları adətən bir il müddətində saxlamalı olduğu göstərilirdi: “Beləcə, qarşı tərəf bir il müddətində məhkəməyə müraciət edərsə, həmin isbatedici fakt və arqumentlərdən istifadə olunurdu. Amma sözügedən məsələ 3 il öncə baş verib. Buna görə də həmin şəxsin limiti bitmiş sayılır. Əgər məsələ ilə bağlı problem vardısa, qarşı tərəf zamanında məhkəməyə müraciət etməli idi. Bu baxımdan onun məhkəməyə müraciət üçün ən azı mənəvi haqqı itirilmiş hesab olunur.
İkincisi, həmin vaxt materialı başqa media qurumları da yayıblar. Köhnə qanunvericiliyə görə (62-ci maddə), KİV-də dərc edilən və aidiyyəti şəxs tərəfindən təkzib olunmayan materiallar digərləri tərəfindən yayılırsa, burada media qurumu məsuliyyət daşımır. Həmin vaxt sözügedən material başqaları tərəfindən yayıldığı halda ona təkzib verilməyibsə, deməli, digər media orqanının həmin məlumatı dərc etməsi məqbul sayılır və hüquqi məsuliyyət yaratmır. İndi üzərindən 3 il keçib. Biz o vaxt həmin materialın hansı KİV-lərdə yayıldığı haqda məlumatı haradan toplayaq? Niyə təkzib verilmədiyini necə müəyyən edək? Əgər bu şəxslərin məsələ ilə bağlı fikirləri vardısa, gərək zamanında müraciət edərdilər. Vaxtında təkzib verilsəydi, digər media qurumları bu marterialı dərc etməzdilər. Əgər fikir vaxtında təkzib edilməyibsə və başqaları da bu məlumatı yayıbsa, o zaman ortada hüquqi məsuliyyət yoxdur. Məsələni 3 il sonra yenidən qaldırmaq, hətta silinməsi bir yana, üstəlik, kompensasiya da tələb etmək nə huquqa, nə jurnalist kodeksinə, nə də digər mənəvi məsələlərə uyğundur”.

Media haqqında" qanunda da... - Müşfiq Ələsgərli bildirib ki, Gülağa Tənhanın çoxsaylı KİV qurumlarını məhkəməyə verməsi ilə bağlı informasiyalar dolaşır: “Görünür, adamın təzə köməkçisi, yaxud hüquqi məsləhət aldığı şəxs var. Onu yanlış istiqamətə yönəldirlər. Amma KİV-lərlə belə intriqaya getməyi tövsiyə etməzdim. Doğrudur, köhnə qanun artıq 2022-ci ildən dəyişdirilib, indi başqa qanun var. Bəlkə də onlar yeni qanunda öz xeyirlərinə nəsə tapa bilərlər. Amma təzə qanun köhnə dövrə tətbiq olunmur. Bunu unutmamalıdırlar. Köhnə qanunun 62-ci maddəsi KİV-ləri məsuliyyətdən azad edən halları özündə ehtiva edir. Yəni zamanında informasiya başqa KİV-lərdə gedibsə və məlumatın aid olunduğu şəxs tərəfindən təkzib edilməyibsə, bu zaman başqa media qurumlarının onu dərc etməsi hüquqi məsuliyyət doğurmur”.

