BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə torpağında qanunsuz ev tikən şəxsə cəza verildi

Şəki Apellyasiya Məhkəməsində İsmayıllıda torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparmada təqsirləndirilən Elşən Səfərəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti və protestinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxs İsmayıllı rayonu, Talıstan bələdiyyəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, İsmayıllı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 222-2.1-ci (Müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə təqsirli bilinib, qazancından hansı məbləğdə pulun tutulmalı olduğunu müəyyən etmədən 2 il müddətinə islah işləri cəzasına məhkum edilməsinə dair hissədə dəyişdirilib. Elşən Səfərəliyev CM-in 222-2.1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilib.

 

İttihama görə, Elşən Səfərəliyev qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutaraq üzərində özbaşına tikinti işləri aparıb, habelə Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti işləri aparıb.

 

Belə ki, o, torpaq sahəsini qanunsuz olaraq özbaşına tutub üzərində tikinti işləri aparmaq qərarına gəlib. Bu məqsədlə 2008-ci ildə, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Talıstan kəndinin ərazisində yerləşən, həmin kənd bələdiyyəsinin mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid 0,6 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin ətrafını ağac budaqları və məftillərlə çəpərləyərək özbaşına tutub. Təqsirləndirilən şəxs Talıstan bələdiyyəsi tərəfindən verilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq həmin torpaq sahəsinin onun mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsinə dair Talıstan bələdiyyəsinin qərarı, bələdiyyə ilə müqaviləsi və ya sair sənədi olmadan, habelə bu məqsədlə bələdiyyəyə hər hansı rəsmi müraciəti olmadan 2017-ci ildə, dəqiq tarixi müəyyən edilməyən vaxtda Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan həmin torpaq sahəsinin gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, yəni 10 000 voltluq yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasına düşən hissəsində, elektrik şəbəkəsinin 3,5 metr yaxınlığında yerləşən Talıstan bələdiyyəsinin mülkiyyətinə aid həmin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi üzərində davamlı olaraq müxtəlif günlərdə özbaşına tikinti işləri aparıb. O, əvvəlcə bir mərtəbədən ibarət tikili inşa etdirib, daha sonra, yəni 2022-ci ilin aprel ayınadək olan müddət ərzində, dəqiq tarixi müəyyən edilməyən vaxtadək tikinti işlərini davam etdirib özünə iki mərtəbədən ibarət fərdi yaşayış evi inşa etdirib.

 

İsmayıllı Rayon Məhkəməsin hökmü ilə Elşən Səfərəliyev 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 16 May 2023, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin