BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gəncə işi” üzrə hakimlərə qarşı terrora çağırış edən şəxsdən xəbər var

“Gəncə işi” üzrə hakimlərə qarşı terrora çağırış etməkdə təqsirləndirilən Mühəndis Bayramovun barəsindəki hökmdən kassasiya şikayətinə verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 13-nə təyin edilib.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Rəsmi məlumata əsasən, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal diniyönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsi ilə bağlı cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin fotoşəkillərini müxtəlif sosial şəbəkələrdə paylaşmaqla, onlardan qisas alınaraq öldürülmələrinə çağırış edilməsi, eləcə də həmin faktla bağlı Azərbaycan Ali Məhkəməsindən daxil olmuş məlumatla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində müvafiq araşdırmalar aparılıb.

 

Azərbaycan Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə başlanılmış cinayət işi üzrə aparılmış kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “Facebook” sosial şəbəkəsində Gəncə şəhərində baş vermiş kütləvi iğtişaşlara görə hökm çıxarmış hakimlərin fotoşəkillərinin əks olunduğu paylaşımlarda onların gizlin şəraitdə öldürülmələrinə dair yazılar yerləşdirməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin həyatına sui-qəsd etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Bayramov Mühəndis Alyoşa oğluna məxsus sosial şəbəkə profilindən edilməsi müəyyən olunub və onun barəsində axtarış elan edilib.

 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlərlə Mühəndis Bayramov saxlanılaraq həbs edilib və barəsində aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

 

Xatırlatma: 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və onun cangüdənini tapança ilə yaralayıb.

 

İyulun 10-da Gəncə administrasiyasının binası qarşısında şəhər sakinlərinin etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib. Hadisələr zamanı iki yüksək rütbəli polis zabiti öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər həbs edilib.

 

Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti mühakimə olunub.

 

Yunis Səfərov və digərlərinin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digər müttəhimləri isə 18-20 il müddətinə azadlıqdan məhrum edib.

 

Kamal Məmmədov

Tarix: 18 May 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin