Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan "Avro Qrand" şirkətinin sahibi Xanlar Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apelyasiya şikayətləri təmin edilməyib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilib. Ona 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Xanlar Cəfərovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməyib. Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkumetmə ləğv edilərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, onun hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının çəkilməmiş 1 il 11 ay 13 gün hissəsi və 5 il 9 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.