Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Sevinc Kərimovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1- ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirərək dələduzluq etməsi epizodu üzrə və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməllərin törədildiyi gündən Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın bu epizodu üzrə və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibinə xitam verilib.
Sevinc Kərimovanın Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs 21 fevral 2015-ci il tarixdə şübhəli şəxs qismində tutulub 23 fevral 2015-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün ona təyin olunan azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla çıxılaraq cəza çəkməsi üçün üzərində qəti olaraq 5 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb.