BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloqdan yeni ailə quranlara çağırış: “Üç il müddətində çalışmaq lazımdır ki, övlad planlanmasın”

“Ailə quranda çalışmaq lazımdır ki, özünüzü zəmanətə alasınız. Dinimiz də məhz bunu deyir ki, ailə quran zaman sabah həyat yoldaşınız dünayasını dəyişsə, yaxud sizdən ayrılsa, siz öz övladınızı saxlamaq üçün nələrəsə sahib olmalısınız. Sənin dinin illər öncə bunu deyibsə, qanun da deməlidir. Bu gün Azərbaycanda evlənmək də, ayrılmaq da çox asandır. Amma gəlin, digər ölkələrə baxaq, məsələn, Türkiyədə övladı olmasa belə, qadın yeni ailə quranadək kişi ona aliment verməlidir. Bizdə isə belə qanunlar olmadığı üçün kim kiminlə istəyirsə, evlənir, ayrılır... Baxırsan ki, üç uşağı var, nikahı yox... Belə şeylərə də rast gəlirik. Təklif etsək ki, boşanandan sonra qadın məhz nələrə sahib olur, qadınların bəziləri onlara sahib olmaq üçün boşanmaq istəyəcəklər. Bəziləri hətta elə mülk xatirinə evlənə bilər. Buna görə müəyyən müddət qoyulmalıdır ki, həmin müddətədək evli qalandan sonra ayrılırsansa, gəncliyini bu kişiyə həsr etmisənsə, o da sənə həmin illərin qarşılığında nələrsə vəd etməlidir. Yoxsa evlənəndə hər kəs müqaviləyə imza atsa, hər kişi söz versə ki, mülkdən bu qədəri sənin olacaq, onda qadın üç-beş aydan sonra boşanar...” 

 

Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış psixoloq Gülnar Orucova deyib.

 

G.Orucova düşünür ki, evlilik qaydalarını çətinləşdirmək lazımdır, insanlar evlənərkən iki dəfə düşünsünlər: “Yaxud boşanmanın qaydalarını da çətinləşdirmək lazımdır, insanlar bilsinlər ki, evlənəndən sonra boşanmaq da çətin olacaq. Evlənmənin yaşını 18 yaş qoymaq lazım deyil. 18-20 yaşında bir insan evlənirsə, o, öz ailəsini nə ilə təmin edəcək? İndi valideynlər ailə saxlayırlar. Əziz valideynlər, siz övladınızın ailəsini saxlamaq məcburiyyətində deyilsiniz. Bu yükü üzərinizə götürməyin...”

 

Psixoloq vurğulayıb ki, Azərbaycanda boşananların sayı günbəgün artır: “Boşanan cütlüklərin evli qalma müddəti çox az olur. Bəzən bir, bəzən altı-səkkiz ay... Bu, doğru addım deyil. Hər zaman deyirik ki, boşanmaya qərar vermək istəyirsinizsə, ən azından üç il bir yerdə yaşamağınız lazımdır. Üç il ərzində xarakteriniz bir-birinə uymursa, bu zaman boşanma qərarı verə bilərsiniz. Üç il müddətində çalışmaq lazımdır ki, övlad planlanmasın. Biri var ki, siz iki gənc qadın və kişi olaraq ayrılırsınız, bu zaman yenidən ailə qurmaq ehtimalınız olur. Amma uşaq dünyaya gətirəndə problemlər, həqiqətən, çoxalır. Birincisi, uşağa başa salmaq lazım olur ki, mən niyə ayrılıram. Bir müddət uşaq bunu qəbul, dərk edə bilmir, depressiya, stress yaşayır. Hətta bunu danışmasa belə, valideynin yoxluğunu hiss edir, bunu öz davranışlarına köçürə bilir. Bəzi insanlar məhz boşanmaq üçün evlənirlər. Günümüzdə belə şeylərə də rast gəlirik. İllər öncə belə şeylər görməmişdim ki, sırf boşandıqdan sonra sərbəst həyat yaşamaq, istədiklərini etmək üçün kimləsə necə olur-olsun evlənib boşansınlar. Artıq günümüzdə bu cür qadınlar da var. Ümumiyyətlə, hər bir qadın öz ayağının üzərində dayanmalıdır ki, ailə qurursa, sabah ayrılanda öz uşaqlarını təmin edə biləcək durumda olsun. Qızımıza cehiz yox, təhsil, iş vermək lazımdır ki, heç kimə möhtac qalmasın. Bəzi qadınlar, həqiqətən də, nəyinsə çoxuna sahib olmaq üçün mübarizə aparırlar. Bəziləri isə sırf uşağını saxlamaq üçün hər hansı mülk davasına gedir. Azərbaycan qadını hələ də öz qanunlarını bilmir ki, boşanmadan, kişidən ayrılmadan belə ondan aliment ala bilər. Azərbaycan qadınları hələ dərk etmirlər ki, bunun üçün boşanmağa ehtiyac yoxdur. Həyat yoldaşın sənin övladlarını təmin etmirsə, boşanmadan da ondan aliment ala bilirsən. Amma bu gün kifayət qədər insanlar görürük ki, dövlət strukturlarının onlara kəsdiyi alimenti ödəmirlər. İki ay həbsə girib-çıxır, yenə ödəmir. Bəzisinin imkanı var, amma ödəmir, bəzisinin isə həqiqətən də imkanı yoxdur. Bəziləri isə məhz rəqabət aparmaq, münaqişə istədiyi üçün aliment ödəmir. Müxtəlif tip insanlar var...”

 

Aytəkin Qardaşova

Tarix: 18 May 2023, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin