Abşeron rayon sakini Əbülfət Məmmədov 16.04.2020-ci il tarixdə polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi BMW markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətindən Pravda.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin 17.04.2020-ci il tarixdə saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.
Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama barədə işarə verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq, köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.
Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib.