Gəncə şəhərində 1976-cı il təvəllüdlü Musa şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Musa “Bazar Store” MMC-də onunla birlikdə ağartı məhsulları satan Baharın onun barəsində müxtəlif şəxslərlə söz-söhbət yaratmasını bəhanə edib. O, Baharın ünvanına nalayiq ifadələr işlədob, onun qarın nahiyəsinə bir dəfə təpik zərbəsi vurub.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa bildirib ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsini dolandırmaq üçün təxminən 6-7 ildir Gəncə şəhər Təzə bazarda ağartı məhsulları satmaqla məşğuldur: “Bahar da həmin bazarda ağartı məhsulları satıb. Ümumiyyətlə Baharla aramızda heç bir münasibət olmayıb. Bazarda öz piştaxtamın yanında tanışım ilə söhbət edən zaman Bahar adlı qadın öz piştaxtasının arxasından barəsində dedi-qodu etdiyimi iddia edərək, əli ilə mənə ayıb yerini göstərdi, şəxsiyyətimi alçaldaraq təhqir etmdi. Mən də Bahara cavab qaytaranda, o daha da qızışaraq azyaşlı qızımın ünvanına nalayiq ifadə işlətdi. Yanıma gələrək qarşımda olan pendiri götürərək başıma çırpdı. Mən də əsəbləşdim və Baharın ünvanına nalayiq ifadələr işlətdim. Məni vurmağa cəhd edəndə orada olan kənar şəxslər buna imkan verməyərək bizi araladılar. Mən Baharı vurmadım və ona heç bir xəsarət yetirmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Bahar onun barəsində dedikləri tamamilə yalandır, şər və böhtandır. Qeyd edib ki, piştaxtaya təpik atıb, amma təpik Bahara dəyməyib.