““Günay Bank”ın bağlanması gözlənilən idi. Çünki bu bankın aktivlərlə bağlı normaları yerinə yetirməkdə problemləri var idi. Bu da Mərkəzi Bank tərəfindən “Günay Bank”ın lisenziyasının ləğv edilməsinə gətirib çıxardı. Təbii ki, bankların ləğvi, bağlanması heç bir halda arzuolunan deyil. Çünki bu, nəticə etibarilə bank sektoruna olan inama birbaşa təsir göstərir, inamın azalmasına gətirib çıxarır...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

“Daha məqsədəuyğun olardı ki, zəif bankların bağlanması deyil, onların sağlamlaşdırılması prioritet götürülsün. Mərkəzi Bank çalışmalıdır ki, həm konsildasiyası, həm digər metodlardan istifadə etməklə zəif bankların sağlamlaşdırılmaları həyata keçirilsin. Bu, bank sektorunun inkişafı və banka olan inamın artırılması baxımından vacibdir. Hər halda Mərkəzi Bank tərəfindən sağlamlaşdırma tədbirlərinin daha da genişləndirilməsinə ehtiyac var. Çünki sistem əhəmiyyəti olmayan bankların gücləndirilməsi, rəqabət qabiliyyətinin artırılması çox vacibdir”, - deputat bildirib.
Aytəkin Qardaşova