"Açığını desəm, Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə ümidim və hörmətim qalmayıb. Naxçıvana rəhbər təyin olunduqdan bəri bu bölgədə sosial vəziyyətin ciddi şəkildə dəyişilməməsi, insanların son ümidlərinin gözlərində “boğulması”, bir mədəniyyət nazirini belə işdən çıxarmaqda göstərdiyi qətiyyətsizlik, ən əsası isə mənim haqlı davamda tamamilə əks mövqe tutması və bu xəbərin gəlib qulağıma çatması onun gözümdən düşməsində önəmli rol oynayıb". Bunu sosial şəbəkədə jurnalist Heydər Oğuz yazıb.
Jurnalist daha sonra həmkarı Eynulla Fətulayevin sosial şəbəkədə Fuad Nəcəfli ilə bağlı paylaşımına toxunaraq, bunları qeyd edib: "Bununla belə, bu zamanadək həmişə 5-ci kolonun sözçüsü, Ramiz Mehdiyevə bağlı adamların haqsız müdafiəçisi kimi tanınan; alın təriylə ölkə iqtisadiyyatının dirçəlişində qatqılarda bulmağa çalışan iş adamlarına qarşı “səlib yürüşü” aparan Eynulla Fətullayevin qalxıb Fuad Nəcəflinin bir ziyafətdə çəkdirdiyi şəkili paylaşaraq onu “xan” elan etməsi də ürəyimi bulandırdı. “Xan” əgər xudmani bir məclisdə yaxın adamları ilə kabab yeməkdirsə, onda bizim hər birimiz həmin adı daşıya bilərik. Ən çox da Eynulla Fətullayev. Dəfələrlə onu Rasim Məmmədovla, hansısa “vorzakon”larla eyni eyş-işrət məclisində çəkdirdiyi şəkilləri görmüşük. Amma onu indiyədək heç kim “xan” adlandırmayıb. Adının arxasına və ya əvvəlinə ən müxtəlif epitetlər yapışdırılmasına baxmayaraq.