Yaratdığı Drakon obrazı ilə yaddaşlara köçən Rza Rzayev xarakterdir, tipdir, unikaldır, özünəməxsusdur.
Aktyorluq – bəlkə də onun bacarıqları içərisində ən sonuncusudur. Daxilən aktyor deyil, amma bəzi obrazlar onluqdur: məsələn, Cavad xanın oğlu, məsələn, düşmənə qarşı son damla qanına qədər vuruşan Drakon...
Drakon onun boyuna biçilən obrazdırmı? Yox, Drokan məhz elə Rzadır – sərt, sözü dik üzə deyən, güzəştsiz, yoldaşını belə bağışlamayan, dediyindən dönməyən, amma Vətəni üçün, elə əl qaldırdığı yoldaşı, yurddaşı, silahdaşı üçün bir anda "uf” demədən, canını verməyə hazır adam.
Ürəyini kimsəyə açmır, çox qürurludur, amma bir isti sözün başına dönməyə hazırdır: söz ki yaradıcılıqdan, kinodan, millətdən, xalqdan, dövlətdən düşdü – o boyda bədəni ilə bir ürəyə dönər, döyünər, çiçək kimi açar, işıqlanar, uşaqlaşar, gözləri dum-duru durular...
Daşıdığı qanın daxili informasiya yükü o qədər güclüdür ki, çəkə bilmir: gah filmə gəlir, ürəyinin hökmünü icra edə bilmir, ayrılıb gedir, aylarla, illərlə yoxa çıxır; gah ssenarilər, məqalələr yazır, film çəkir...
Ciddi, əhatəli, miqyaslı təhsil alıb – meydanı yoxdur ki, o enerji, o ruh, o qan yaddaşını ifadə etsin.
Genetik kodlarından doğan çılğınlıq və cəsarəti ifadə etməsi də asan deyil: Bu bilək Ötükəndən gəlir, bu ürək Altaydan, bu ruh Bozqırdan, bu dünyagörüş Tenqridən...
Fiziki baxımdan çox hazırlıqlıdır və özünə diqqət yetirməsinə, vaxt edib, idmanla məşğul olmasına təəccüblənmişdim bir neçə il öncə müsahibə alanda. Dedi, bu naturanı film üçün qoruyub saxlayıram, ancaq istifadə olunmur, yaşım keçir: "Bu naturanı nə qədər qoruya biləcəm axı!”
Bir nisgil, itirilən zamana heyfsilənmək, həm də bu zamana meydan oxumaq üçün "naturanı qorumaq” ehtirasını hiss etmişdim.
Zaman ona meydan oxumaq üçün deyil ki - istifadə üçündür!
Və bu Zaman Drakonun zamanı da deyil - heyf ki!
Onu öz zamanına qaytarmaq lazım idi – Ötükənə... Ona Kürşad obrazı vermək lazım idi, Uzun Həsən dövrünə qayıtmalıydı, Eldəgizlərə, Şah zamanına dönməliydi.
O yalnız o zamanları bizim günümüzə daşımaq üçün doğulmuş Tanrı bəxşişidir.
Biz nə vaxt Tanrı bəxşişlərini vaxtında qiymətləndirib, ondan istifadə etdik ki!
Drakon gecə-gündüz işləməliydi ki, o bulaq kimi çağlayan, aşıb-daşan enerji canından çıxın.
Bizsə o enerjini onun içində basdırmaq üçün Rzanı doğulmağına peşman etdik...
Bir dəfə oxumağa məqalə göndərmişdi – onneçə səhifəlik məqalədə bir hərf səhvi belə tapmadım;
Yaratdığı az sayda obrazına baxdım – sünilikdən əsər-əlamət görmədim.