Bakıda 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Firudin Əsədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 24-nə təyin edilib.
Kassasiya şikayəti hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub.
Qeyd: Hadisə Ötən il yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini F.Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
Daha sonra F.Əsədov təqsirləndirilən şəxs qisimində saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Kamal Məmmədov