BURADA REKLAMINIZ OLA
BİLƏR

Polislərin maaşlarının artırılması təklifinə sabiq polis rəisindən REAKSİYA

Polis işçilərinin maaşlarının artırılması məsələsi yenidən gündəmə gəlib. Təklif edilir ki, 8 saatlıq iş rejimində çalışanlarla 24 saat gecə-gündüz xidmət göstərən polis işçilərinin maaşları arasında ikiqat fərq qoyulmalıdır. Müzakirələr zamanı bəziləri ölkədə polis işçilərinin sayının digər qurumlarla müqayisədə daha çox olduğunu, dövlətin maddi baxımdan polislərin əməkhaqqını artırmağa gücü çatmadığını bildirsələr də, bunu absurd yanaşma kimi qiymətləndirənlər az deyil. Etiraz edənlər bildirirlər ki, 15 il iş stajı olan polis mayoru ilə eyni təsnifatda çalışan gömrük işçisinin maaşı arasında 1500 manat fərq var. Eyni stajla nazirlikdə işləyən dövlət qulluqçusuna isə 2200 manat aylıq maaş verilir...

 

Məsələ ilə bağlı Pravda.az sabiq polis rəisi Mahmud Hacıyevin də fikirlərini öyrənib.

 

M.Hacıyev etiraz edənlərdən fərqli olaraq, düşünür ki, bu gün Azərbaycanda polislərin maaşı o qədər də az deyil: “Təkcə polis yox, bütün qurumlarda əməkhaqlarının yüksək olması hər kəs - istər polis, istərsə də səhiyyə, təhsil işçisi üçün yaxşıdır. Əməkhaqqının yüksək olması hamıya sərf edir. Hansı sahədə maaş az, hansındasa çoxdursa, bu, hökumət səviyyəsində həll olunan məsələdir. Buna biz nə deyə bilərik? Yəqin, müəyyən nüanslar nəzərə alınır. Lakin digər qurumlarla müqayisədə polisin də əməkhaqqı pis deyil. Gömrük, prokurorluq, məhkəmə sistemi ilə müqayisə edirlərsə, belə baxanda Azərbaycanda digər qurumlar, başqa sahələr də var. Ümumi müqayisə edəndə, polisin əməkhaqqı kifayət qədər normaldır. Ola bilsin ki, gələcəkdə müəyyən nüanslar nəzərə alınsın, polislərin maaşı bir az da artırılsın. Belə məsələlər zaman-zaman həll olunur, birdən-birə yox. Maliyyə məsələsidir. Maliyyə Nazirliyi var, hökumət var. Birdən-birə bütün qurumların əməkhaqqısı artırmaq olmaz ki...”

 

Aytəkin Qardaşova

Tarix: 22 May 2023, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin