Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir.
Bu barədə Pravda.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nümayəndə heyəti ABŞ Senatının üzvləri Senator Tom Koton, Senator Ben Kardin, Konqresin Nümayəndələr Palatasının üzvləri Cək Berqmən, Çak Flayşmən, Mayk Ezel və Robert Aderholt ilə görüşüb.
Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri, həmçinin regionda gedən proseslər, eyni zamanda Ermənistanla aparılan sülh danışıqları barədə qarşı tərəf məlumatlandırılıb.
Konqres üzvləri, həmçinin post münaqişə dövründə davam edən mina təhdidləri, bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıblar.
Görüşlərdə, “Laçın” sərhəd buraxılışı məntəqəsinin təsis edilməsi ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən radikal erməni təşkilatlarının Konqres üzvlərinə təqdim etdikləri həqiqətə uyğun olmayan və əsassız məlumatların, bu çərçivədə ABŞ Konqresinin üzvləri tərəfindən birtərəfli və ABŞ-ın milli maraqıarına xidmət etməyən qətnamələrin irəli sürülməsinin iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verdiyi vurğulanıb.