“Azərbaycan müstəqil dövlət kimi regional və qlobal səviyyədə fəaliyyətini genişləndirir, dərinləşdirir, müstəqil siyasət yeridir. Bu fəaliyyətdə hələ 1992-ci ildə rəsmi əlaqələr qurulmuş ABŞ ilə əməkdaşlığa xüsusi yer ayrılır. ABŞ-Azərbaycan münasibətləri əsas istiqamətlərə - təhlükəsizlik, iqtisadiyyat, enerji, insan haqları, qanunun və asayişin dəstəklənməsinə əsaslanır. ABŞ və Azərbaycan arasında əməkdaşlıq regiondakı vəziyyətə böyük təsir göstərib və ABŞ hakimiyyəti Azərbaycanla bu əməkdaşlığın ölkənin milli təhlükəsizlik prioritetlərinə uyğun olduğunu dəfələrlə etiraf edib. ABŞ Dövlət Departamentinin Azərbaycanın siyasəti ilə bağlı son zamanlar təmayüllü bəyanatları daha təəccüblüdür. Təəssüf doğurmaya bilməz ki, bu dəfə qərəzli mövqeyin diqqət mərkəzində Səbinə xanım Əliyevanın yüksək mənəvi nüfuzuna söykənən, ölkənin ən səriştəli və müstəqil qurumlarından biri olan, qərarları, təklifləri dinlənilən, hökumət və cəmiyyət tərəfindən qəbul olunan Azərbaycan Ombudsmanı Aparatı oldu. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həm də vətəndaş cəmiyyətinin nümayəndəsi olmaqla, Azərbaycanda hüquq müdafiəçiləri, kütləvi informasiya vasitələri, habelə müəyyən problemlərin həlli səlahiyyətlərinə aid bütün dövlət orqanları ilə sıx əməkdaşlıq edir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.