Həbsxanada kamera yoldaşını öldürməkdə təqsirləndirilən ömürlük məhkum Zahidikəhriz Abbasovun məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.
Zahidikəhriz Abbasov ifadəsində göstərib ki, 2014-cü ildən Penitensiar Xidmətin Həbsxanasında cəza çəkir. Zərərçəkmiş Oleq Abişevlə 2018-ci ildən eyni kamerada cəza çəkib, aralarındakı münasibət normal olub. Əvvəllər aralarında hər hansı mübahisə, münaqişə olmayıb. O, heç vaxt siqaret çəkməyib, zərərçəkmiş şəxs isə siqaret çəkən olduğuna görə siqaret olmayanda əsəbləşən, söyüş söyən biri imiş. Oleq Abişev siqaret çəkdiyindən, həbsxananın rəisi gündəlik norma 10 ədəd siqaret olmasına baxmayaraq, 1 qutu siqaret verib. O, siqaret çəkməsə də, digər kamera yoldaşları siqaret çəkirlərmiş.
Hadisə günü səhər vaxtı Oleq Abişevə 1 qutu siqaret, digər kamera yoldaşına isə bir qutu kibrit verilib. Yarım saat sonra zərərçəkmiş şəxs oturduğu yerdə siqaret çəkməyə görə söyüş söyməyə başlayıb. Onlarla birgə kamerada qalan Ənvər (şərti) isə həmin vaxt yatırmış. Zərərçəkmiş şəxs söyüş söyərkən heç kimin adını çəkməyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Oleqdən kimi söydüyünü soruşduqda, cavablandırmayıb, sanki ondan küsübmüş. Zahidikəhriz Abbasov məcbur qalaraq qapını döyüb nəzarətçini çağırıb. Bildirib ki, məqsədi zərərçəkmiş şəxsin ondan qorxmadığına görə nəzarətçinin sonuncunu sakitləşdirməsi və kamerada söyüş söyülməsinin qarşısını almaq olub. Nəzarətçini çağırmaqda digər məqsədi isə Oleqin söyüş söydüyünü eşitdikdən sonra nəzarətçiyə günahkar olduqlarını bildirmək olub. Əgər kibrit verilsəydi, zərərçəkmiş şəxs söyüş söyməzdi.
Nəzarətçi zərərçəkmiş şəxsə kibrit verməyərək “karmuşka”nı, yəni nəfəsliyi örtüb gedib. Bundan sonra Oleq ona kamerada satqınlıq etdiyini, çöldəkilərə, yəni “paqonlulara” satdığını deyib onu günahkar sayıb. O da satqın olmadığını, dövləti söyə bilməyəcəyini, dövlətdən ötrü canını qoyduğunu dedikdə, zərərçəkmiş şəxs şəxsən onu və anasını söyüb. Bu səbəbdən Zahidikəhriz zərərçəkmiş şəxsi cəzalandırıb söyüşlərini dayandırmaq məqsədilə sifətinə bir neçə yumruq zərbəsi vurub.
O deyib ki, Oleqi öldürmək niyyəti olmayıb. Həmin vaxt zərərçəkmiş şəxsin yaxasından tutub alnını onun burnuna yaxınlaşdırdıqda kəllə vurmaq istədiyini başa düşüb burnu sınmasın deyə başını əyib. Oleqi güləş fəndi ilə qaldırıb yerə çırpıb. Zərərçəkmiş şəxs həmin vaxt onun yaxasından yapışmasaydı, yerə yıxmazdı. O, zərərçəkmiş şəxsi yerə çırpanda onun başı tualetin pilləkəninə dəyib. Ona görə Oleqin başı partlayıb qan gəlib. O, yerdə qanı görüb zərərçəkmiş şəxsi ayağa qaldırdıqdan sonra nə istədiyini soruşaraq davanın qurtarmasını tələb edib. Təxminən 2 dəqiqə müddətində o, Oleqin qanını təmizləməyə çalışışıb və nəzarətçini çağırmayıb. Daha sonra zərərçəkmiş şəxsə onun başını yarması üçün stəkan götürüb ona hücum edib. O, məcbur qalıb özünü müdafiə etmək üçün Oleqin qolunu burub stəkanı əlindən aldıqdan sonra stəkanı qoymağa yer tapmayıb zərərçəkmiş şəxsin başına vurub sındırmaq qərarına gəlib.
Həbsxananın kamerasının döşəməsi parketdir. Məqsədi stəkanı zərərçəkmiş şəxsin başında sındırmaq olduğundan, 3 dəfə stəkanla yavaşca onun başına vurub. Zahidikəhriz Oleqin başına stəkanı bərk vurmağa ürəyi gəlməyib, həmin an nəzarətçilər qapını açıb əlindəkini atmasını qışqırıblar. O, stəkanı atıb, əlinə qandal vurulub növbətçi otağına aparılıb. Dava vaxtı hücumu ilk o etdiyi üçün xəsarət almayıb, əsəb gərginliyi yarandığı üçün özünü daha güclü hiss edib.
Onun dediyinə görə, zəzarətçilər gəlməsə idilər, Oleqi vurmağa davam etməyəcəkmiş. Nəzarətçilərin tez yaxınlaşmalarının səbəbi nəfəslikdən uzaqlaşmamaları, hadisənin necə yekunlaşmalarını gözləmələri olub. O, növbətçi otağında izahat verdiyi vaxt zərərçəkmiş şəxs həkim otağına təxliyə edilib.