Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli sosial şəbəkələrdə Siyəzən rayonunda magistral yolun ortasında ağac bitməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Qurum rəsmisi Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin yol Siyəzənin giriş yoludur və AAYDA-nın balansındadır.
“Yolda ağır tonlu yük maşınlarının hərəkəti nəticəsində qabarmalar əmələ gəlmişdi. Çox güman ki, sosial şəbəkələrdə yayılan foto həmin qabarmalar zamanı çəkilib. Kimsə ağac budağını qoparıb yola basdırıb. Hazırda ərazidə belə bir şey yoxdur. Yola dünən texnikalar salınıb. Qabarmış hissələr texnikalar vasitəsilə düzləşdirilib. Sabah həmin əraziyə asfalt döşənməsi nəzərdə tutulur”, - Anar Nəcəfli deyib.
Aytəkin Qardaşova