Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin rəisini söyən şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş Rauf (şərti) həyat yoldaşı barəsində verilmiş axtarış işi ilə əlaqədar olaraq həmin şöbəyə yaxınlaşıb. İcra məmuru Xatir Məmmədov ondan 200 manat pul istədiyi üçün bu barədə Ədliyyə Nazirliyinə şikayət verib. Bu səbəbdən onu Xətai İcra Şöbəsinə istiqamətləndiriblər.
O, şöbəyə gedərək rəis və əməkdaşların ünvanına nalayiq ifadələr işlətdiyinə görə polis tərəfindən saxlanılıb. Rauf İnziabti Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirləndirilərək, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Rauf məhkəmə ifadəsində şöbə rəisinin onu təhqir etdiyini iddia edib. O deyib ki, icra məmuru Xatir Məmmədov barəsində şikayət versə də, hadisə baş verərkən özü orada olmayıb. Özü bu barədə 102 xidmətinə müraciət edib.