“Ötən gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvadan bəyan etdi ki, “sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək”. Məhz bu məqsədlər naminə, cənab İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, artıq iri güclər Qafqazda əməkdaşlıq mühitinin “parçala, hökm sür”məkdən daha faydalı olduğunu anlayıblar. Anlamaq istəməyənlər, o cümlədən Ermənistan və havadarları da Vətən müharibəsində və sonrakı periodda Azərbaycanla başqa dildə danışmağın mümkünsüzlüyünü anlayıblar. 200 il miflərlə yaşayan, xüsusən son 30 ildə məğlubedilməzlik eyforiyasına qapanmış Ermənistan və erməni cəmiyyəti üçün bunu qavramaq, təbii ki, asan deyil. Amma cənab İlham Əliyev Praqada, Soçidə, nəhayət Brüsseldə Paşinyana və onun protektorlarına reallığı bir daha anlatdı. Bir vaxtlar “Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan artıq Qarabağı Azərbaycanın 86.6 min kv km-lik tərkib hissəsi kimi tanıdığını açıq formada bəyan edir. Bu zəhərlənmiş, revanşist erməni cəmiyyətini razı sala bilərmi? Təbii ki, yox. Bəs ermənilər bu prosesə maneə olacaq gücdürlərmi, yaxud erməni diasporu və Fransa kimi güclər bu prosesdə Azərbaycanı dayandıra bilirmi? Cənab İlham Əliyevin dediyi kimi, “bizi kimsə dayandıra bilmədi və bilməz””.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov mayın 23-də guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yalan məlumat yaymasından danışarkən deyib.