Bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin doğum günüdür. Kulis.az bu münasibətlə bəstəkar haqqında on maraqlı faktı təqdim edir.
Nailə Mirməmmədli 1961-ci ildə “Sovetski” adlanan məhəllədə anadan olub.
1985-ci ildə Tusi adına Pedaqoji Universitetdə musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Nailə Mirməmmədli bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı olub. Onlar hər ikisi “Sovetski”də yaşayıblar, yanaşı məktəblərdə təhsil alıblar. Anaları bir sinifdə oxuyub, ancaq uşaqlıq illərində heç vaxt rastlaşmayıblar. Nailə xanımı Müəllimlər evində “Xəyal” instrumental ansamblına əsgərlikdə olan Hikmət Mirməmmədlinin yerinə işə götürüblər. Əsgərlikdən qayıdan Hikmətlə birgə işləməli olacağını düşünən Nailə xanım işdən çıxmaq qərarına gəlib, ancaq Hikmət buna razı olmayıb. Yalnız bir konsertdə birgə işlədikdən sonra o, özünə başqa iş tapacağını deyib. Lakin iş elə gətirib ki, onlar möhkəm dost olublar. Bu dostluq isə sonradan böyük məhəbbətə çevrilib. Günlərin birində isə Hikmət Mirməmmədli Nailə xanıma deyib: “Ad günündə bizimkilər sizə gələcəklər”.
Lakin Hikmət əsgərliyə getməzdən əvvəl anası və bacısı ona qohumlardan başqa qızı gözaltı ediblər. Onun Nailəyə elçi göndərməsi fikri ailəsi tərəfindən xoş qarşılanmayıb. Hikmət isə deyib ki, ya istədiyim qızı alacağam, ya da onu götürüb qaçacağam. Beləliklə, ailələr onların evlənməsinə qarşı çıxmayıblar və onlar ailə qurublar. Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlib.
Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. Bir il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. Nailə Mirməmmədli oğlunun ölümündə onun dostlarını günahlandırıb. O, müsahibələrinin birində deyib:
“Dostları hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, uşaq deyiləm. Getdi dənizə, bir də qayıtmadı”.