Bakıda narkotik satmaqda təqsirləndirilən Fariz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin edilib.
Qeyd: Bu ilin yanvarında Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən iki nəfər - Fariz Mehdiyev və Əflatun Nəsrullayevi saxlayıblar.
Həmin şəxslərdə ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.
Faktlarla bağlı 4-cü polis şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, cinayət işi açılıb.
Daha sonra Əflatun Nəsrullayevin cinayət işi ayrıca icraata ayrılıb.