Bakı polisi qaydalara tabe olmayan sürücünün saxlanılması istiqamətində əməliyyat keçirib.
Pravda.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, “Daewoo” markalı, 90-PC-475 dövlət nömrə nişanlı avtomobili idarə edən 1994-cü il təvəllüdlü, Nəsimi rayon sakini Yusifli Şəhram Şakir oğlu aprelin 15-də, saat 16:50 radələrində Dilarə Qədirbəyova küçəsində hərəkət edərkən 99-YP-485 dövlət nömrə nişanlı avtopatrul müfəttişinin “Saxla!” əmrinə tabe olmayaraq, hərəkətini davam etdirib.
Həmin sürücünün saxlanılması üçün yerlərdə xidmət aparan digər əməkdaşlara məlumat verilib.
Sürücü yüksək sürətlə hərəkətini davam etdirib və yol boyu yol nişanları və işıqforlara əhəmiyyət vermədən Koroğlu Rəhimov küçəsi ilə Fətəli Xan Xoyski küçəsindən hərəkət edib. Həsən Əliyev-Koroğlu Rəhimov küçəsinin kəsişməsində süni sıxlıq yaradılaraq, sürücünün saxlanılması üçün şərait yaradılıb.
Lakin sürücü əks istiqamətli yol zolağına çıxmaq üçün ara məsafəsi olmasından istifadə edərək, geriyə dönüb və ərazidən qaçmağa nail olub. Bir neçə dəfə yol polisinin onu saxlamaq imkanı olsa da, sürücü həmin polis əməkdaşının “Saxla!” əmrinə əhəmiyyət verməyərək, qaçmağa nail olub.