Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Elbrus Məhərrəmlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, Elbrus Məhərrəmli 7 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında Abşeron rayonu Hökməli qəsəbəsinə getmək üçün sərnişin qismində əyləşdiyi zərərçəkmiş Vahid Məmmədovun (şərti) idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil ilə həmin gün saat 01:40 radələrində Hökməli qəsəbəsinə çatıb. O, zərərçəkmiş şəxsi avtomobili kənar şəxslərin olmadığı yerə sürdürərək, saxlatdırıb, özü ilə götürdüyü silah qismində istifadə edilən tameti tətbiq etməklə ona hücum edib. Elbrus həmin tametlə əvvəlcə Vahidin başına bir dəfə zərbə endirib, daha sonra onun əmlakını ələ keçirməyə yönəlmiş cinayətkar hərəkətlərini davam etdirməklə sürücünün sol əlinə bir dəfə zərbə vurub. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə 710 manat 75 qəpik məbləğində maddi ziyan vurmaqla quldurluq edib.
Kamal Məmmədov