Adam oğurluğunda təqsirləndirilən, kriminal aləmdə “Ciqan Bəhruz” kimi tanınan Bəhruz Rəfiyevin barəsindəki hökmdən kassasiya şikayətinə verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası iyulun 25-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Rəfiyev 12 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, B.Rəfiyev tanışı olan bir neçə nəfərlə yetkinlik yaşına çatmayan şəxsi oğurlayaraq hədə qorxu ilə ümumilikdə 35 min dollar pul alıblar.
Belə ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Əlinin (ad şərtidir) maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə eşidib. Bundan sonra adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək üçün tanışları ilə birləşərək onu oğurlamağa qərar veriblər.
Onlar Əlini və tanışını Xətai rayonu, Babək prospekti 62/2T ünvanında yerləşən “Sultanlar” çay evinə çağırıblar. Çay evində Əlini və dostunu şillə ilə vurublar. Hər ikisini sərbəst buraxmaq üçün 25 min dollar pul tələb ediblər.
Əli onların tələbi ilə razılaşıb. Təqsirləndirilən şəxs və qrup üzvləri Əlini taksi ilə mənzillərinə aparıblar. Əli evə qalxaraq seyfdən atasının 42 min 500 manat təşkil edən 25 000 ABŞ dollar pul vəsaitini götürüb qrup üzvlərinə verib.
İttihama görə, bundan başqa Əliyə ikinci dəfə cinayətkar dəstə tərəfindən hədə-qorxu gəlinib. Ondan 10 min dollar pul tələb olunub. O da qorxduğu üçün həmin məbləği dəstə üzvlərinə verib. Bəhruz Rəfiyevin cinayət işi digər qrup üzvlərindən ayrı icraatda araşdırılıb.
Məhkəmədə ifadə verən Bəhruz Rəfiyev özünü təqsirli bilməyib. Nə zərərçəkəni, nə də onun ailəsini tanımadığını və heç vaxt görmədiyini bildirib.