Mayın 22-də Dənizkənarı Milli Park ərazisində baş verən intihara cəhd hadisəsi ciddi müzakirə yaradıb. Ana əvvəlcə azyaşlı övladını suya atıb, sonra isə özü intihara cəhd edib. Onların hər ikisi ətrafdakıların və xilasedicilərin köməyi ilə sudan sağ-salamat çıxarılıb, lakin bir ananın övladının canına qıymağı gözə alması yan keçiləcək məsələ deyil. Təbii ki, hər kəs hadisəni öz tərəfindən dəyərləndirir, hamı görə bildiyi qədər görür. Müzakirələr zamanı qeyd olunur ki, hər nə olursa-olsun, heç bir vəziyyət ananın övladının həyatına qəsd etməsinə bəraət qazandıra bilməz. İctimaiyyət nümayəndələri düşünürlər ki, valideyn öz övladını həyatdan məhrum etmək dərəcəsinə gəlibsə, deməli, onun psixoloji vəziyyəti normal deyil.
Hadisə ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış psixoloq Samirə Bağırova bildirib ki, ümumiyyətlə, bir insanda intihar düşüncəsi yaranırsa, bu, psixoloji pozğunluqdur.
Psixoloq deyib ki, insan bu düşüncəsinin fərqindədirsə, artıq onun ruhu ciddi yanaşma, yəni psixoloji dəstək tələb edir: “Çünki psixologiya insanın ruh aləmini, yəni şüurunu öyrənən elmdir. İntiharın növləri var. Əgər insan depressiyanın artıq apatiya mərhələsindədirsə, deməli, bu insanın həyatla bağları qırılıb - düşünə bilmir, heç nəyə reaksiya verə bilmir, heç bir həyat eşqi, heç nəyə bağlılığı, hissləri yoxdur, emosiyaları donuqdur. Belə insanlar intihara cəhd etmir, birbaşa ölümü seçir və ölür. Bir var, özünü diqqət mərkəzinə gətirmək üçün “mən də varam” mesajını verən intihara cəhd növü. Belə insanlar cəmiyyətə uyğunlaşa bilməyən və bundan əziyyət çəkən insanlardır.