Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq hazırda dünyada 2 milyon 160 min 207 nəfər COVID-19 virusuna yoluxmuş, 146 min 88 nəfər vəfat etmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargaha Pravda.az-a verilən məlumata görə, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülmüş, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmışdır.
Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunmuş, 20 aprel 2020-ci il tarixədək isə xüsusi karantin rejimi elan edilmişdir.
COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilmiş, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilmiş, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılmışdır. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyetləri karantin məqsədi ilə ayrılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılmış, eləcə də mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılmışdır. Eyni zamanda virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılmışdır.
Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunmuş, hər bir karantin zonalarına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edilmiş, burada müalicə-profilaktika işləri həyata keçirilmiş, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə 20 nəfər mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamı ilə COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsait ayrılmışdır. Əhali və ayrı-ayrı təşkilatlar bu təşəbbüs ətrafında səfərbər olaraq həmrəylik nümayiş etdirmiş və koronavirusla mürabizə istiqamətindəki işlərə öz vətəndaş töhfəsini vermişdir. Ölkəmiz üçün bu həssas məqamdakı birlik sayəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində ianələr hesabına 112 milyon manatdan çox vəsait toplanmışdır.