“Konstitusiya Məhkəməsinin qərarı ictimaiyyətə bir az düzgün izah edilmir. Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrinin ödəyəcəyi ilə bağlı yeni qərarda təkcə ipoteka kreditindən yox, bütövlükdə ipotekadan söhbət gedir. Fərq nədir? İpoteka istənilən daşınmaz əmlakın girovudur. Məsələn, biznes krediti götürürəm, gedib evimi ya özümə, yaxud başqasına görə girov qoyuram. Yaxud xaricə səyahət üçün evimi girov qoyuram və s. Bu, ipotekadır və burada da həyat sığortası yoxdur. İpoteka krediti isə ev almaq üçün götürülən kreditdir. Həmin evi ipotekaya – girova qoyuram. Bu halda İpoteka və Kredit Zəmanət Fondu tələb edir ki, şəxsin həyat sığortası olsun. Həyat sığortası varsa, problem yoxdur, sığortaçı şirkət onsuz da krediti bağlayır, yəni vərəsələrdən heç nə tələb olunmur. Yeni qərarda isə söhbət həyat sığortası olmayan kreditdən gedir. Konstitusiya Məhkəməsi də bundan danışır. Yəni şəxs kredit götürüb, girov qoyub, sabah öldü. Bunun əmlakı var, vərəsələr də həmin əmlak həddində borcu ödəməlidir. Bu çox vacib məqamdır. Şəxsin borcu 100 mindirsə, vərəsələrə 50 min keçirsə, 50 mini bağlayacaqlar, vəssalam. Bundan artıq heç kim vərəsədən nəsə tələb edə bilməz. Qərarın mahiyyəti budur. Şəxs ölməsə, nə olacaqdı? Onsuz da, həmin borcu onun əmlakından tutacaqdılar. Öldüsə, vərəsədən heç nə tutmasınlar? Belə olsa, onda şəxsin vərəsələri onu elə vaxtından əvvəl öldürərlər ki, əmlak keçsin, borc da silinsin...”
Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.
